Naxçıvanda polis əməkdaşı Tural Orucovun süpürgəçi işləyən qadını aldadaraq onun adına 2300 manat kredit götürdüyü, daha sonra isə borcu ödəməkdən imtina etdiyi iddia olunur.
Bu barədə məlumatı “Gündəlik Naxçıvan” səhifəsi yayıb. Səhifənin yazdığına görə, polis əməkdaşı təkcə borcu qaytarmayıb, həm də qadını və uşaqlarını öldürməklə hədələyib. Bu barədə zərərçəkən Məlahət Əhmədova özü “Gündəlik Naxçıvan”a danışıb.
İki azyaşlı övlad anası olan Əhmədova bildirib ki, Tural Orucovun ödəmədiyi kredit səbəbindən o, üç ilə yaxın müddətdə maaşının yarısını banka ödəməyə məcbur olub. Qadının sözlərinə görə, pulu geri almaq üçün rəsmi şəkildə şikayət etdikdən sonra polis əməkdaşı onu və uşaqlarını hədələməyə başlayıb.
“Tural Orucov keçmiş həyat yoldaşımın qohumudur. 2022-ci ildə məni aldadıb, dedi ki, “adına kredit götür, mən ödəyəcəyəm”. Lakin sonradan açıq şəkildə bildirdi ki, “ödəmirəm, hara istəyirsən, şikayət et”. Mən də məcbur qalıb, kreditləri süpürgəçi maaşımla bağladım. Pulumu istəyəndə isə dedi ki, “mən polisəm, sən mənə heç nə edə bilməzsən”. Şikayət etdiyimə görə, məni hər dəfə yolumu kəsib, şikayətimi geri çəkməyə məcbur edirdi. Dəfələrlə məni öldürməklə hədələyib,” – deyə Məlahət Əhmədova bildirib.
Qadın iddia edir ki, sonuncu dəfə uşaqları ilə məktəbdən qayıdarkən polis əməkdaşı onların qarşısını kəsib, aqressiv hərəkətlər edib:
“Bağıraraq, təpik və şillə ilə üstünə gəldi. Qızım qorxudan danışmaq qabiliyyətini itirdi, sidiyini saxlaya bilmir. Həkim dedi ki, uşaq ciddi psixoloji travma alıb. İndi məktəbə də gedə bilmir, bez geyindirirəm”.
Əhmədova deyir ki, məsələnin həlli üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, prokurorluğa, məhkəməyə və Daxili İşlər Nazirliyinə müraciət etsə də, indiyədək nəticə olmayıb. Əksinə, Şahbuz Rayon Polis Şöbəsində onu susdurmağa çalışıblar:
“Şöbə rəisi məni qəbul etmədi. İstintaq bölməsinin rəisi isə hədələyib dedi ki, “səsini kəs, yoxsa sənə iynə vurub psixoloji dispanserə göndərəcəyik”. Mən kömək istədim, amma əksinə, məni qorxutmağa çalışdılar. Mən bu işdə geri çəkilməyəcəyəm. Tək olduğumu görüb, susdurmaq istəyirlər. Pulumu geri almayana və uşağımı bu vəziyyətə salan polis cəzalanmayana qədər sakit durmayacağam”.
Məlahət Əhmədova aidiyyəti dövlət qurumlarına müraciət edərək, onu və uşaqlarını hədələyən polis əməkdaşının məsuliyyətə cəlb olunmasını və ödədiyi vəsaitin geri qaytarılmasını tələb edir.