Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilənlər İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
İclas başlanmazdan öncə İmran Əliyev məhkəmənin 15:00-a təyin edilməsinə baxmayaraq, təxminən bir saat yarım gec başlamasına etiraz edib. O bildirib ki, səhərdən məhkəməyə gətirilib və uzun müddət “boks” adlanan otaqda saxlanılıb. Hakim Roman Ələkbərli isə gecikməni “məhkəmələrin çoxluğu” ilə əsaslandırıb.
Məhkəmədə ilk olaraq şahid Elsevər Muradzadə ifadə verib. O bildirib ki, “Meclis.info” platformasında bir neçə ay sosial media meneceri kimi çalışıb və bu fəaliyyətinə görə xidməti müqavilə əsasında rəsmi şəkildə əməkhaqqı alıb. Elsevər Muradzadənin sözlərinə görə, İmran Əliyev ona heç vaxt böyük məbləğdə nağd pul təklif etməyib, xaricdən pul gətirməsini istəməyib.
Daha sonra digər şahid Vüsal Muradlı dindirilib. O da platformada sosial media meneceri kimi fəaliyyət göstərdiyini, müqavilə əsasında rəsmi məvacib aldığını bildirib. Vüsal Muradlı əlavə edib ki, heç bir qrant layihəsində iştirak etməyib.
Prosesdə hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri, insan haqları müdafiəçisi Anar Məmmədli də şahid qismində ifadə verib. O da iclasın gec başlamasına etiraz edib. Məmmədli vurğulayıb ki, bu iş üzrə təqsirləndirilən şəxslər günahsızdır və cinayət işi tamamilə saxta ittihamlar əsasında aparılır. O, bu işin siyasi sifariş olduğunu deyib.
Hakim Roman Ələkbərli onun çıxışını yarımçıq kəsərək, “mahiyyəti üzrə ifadə verməsini” tələb edib. Anar Məmmədli isə ifadə verməkdən imtina edib və ilkin istintaq zamanı verdiyi ifadə ilə kifayətləndiyini bildirib. Bundan sonra məhkəmədə onun istintaq ifadəsi səsləndirilib.
İmran Əliyev ötən ilin aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb. Daha sonra ittiham siyahısı genişləndirilib və hazırda o, 8 maddə üzrə təqsirləndirilir. İctimai fəallar Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə fevral ayında cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham olunur.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri “Meclis.info işi”ni siyasi motivli hesab edir və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.