İqbal Əbilov həbsxanadan yazır: “Azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”

İqbal Əbilov həbsxanadan yazır: “Azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”
10 Noyabr 2025
Mətni dəyiş

“Talış Milli Akademiyasının xəbərləri” nəşrinin baş redaktoru, tədqiqatçı İqbal Əbilov saxlanıldığı Umbakı Penitensiar Kompleksindən ictimaiyyətə məktub ünvanlayıb. Məktubu iqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi yayıb.

Əbilov məktubunda yazır ki, uşaqlıqdan bəri Azərbaycanda uzun müddət yaşamasa da, indi bir ildən artıqdır ölkədədir, amma həbsxanada:

“Mən Azərbaycandan gedəndə 8 yaşım belə yox idi. Əgər o vaxtdan bu dövrə qədər bütün səfərlərimi toplasaq, ötən ilin yayına qədər Azərbaycanda bir il belə yaşamamışam. İndi isə ilk dəfədir ki, Azərbaycanda bir ildən artıq yaşayıram. Həbsxanada.

Amma mən özümü azad hiss edirəm. Hər səhər oyananda, hər gecə yatmazdan öncə, hər dəfə istintaqçıların, prokurorların və hakimlərin qarşısına çıxanda. Çünki insan o vaxta qədər azaddır ki, azad düşünməkdən qorxmur. Azadlıq insanın vicdanı qarşısında təsdiq olunur — evdə, universitetdə, küçədə, hətta türmədə belə”.

Tədqiqatçı qeyd edir ki, düşüncələrinə görə həbsdə olduğunu fikirləşənlər var, amma onun üçün bu, “azadlığa gedən yoldur”:

“Mənim üçün bu yol həmişə azadlıq və elmi obyektivlik yolu olub”.

Əbilov həbs olunduqdan sonra ölkədə çoxsaylı vicdan məhbuslarının olduğunu öz gözləri ilə gördüyünü bildirir:

“Canni Rodarinin qəhrəmanı Çipollinonun atası Çipollone haqlı imiş: həbsxanalarda çoxlu vicdanlı insanlar var. Mənim saxlanılmağımdan 30 gün sonra pasifist mövqeyinə görə Bəhruz Səmədov, daha sonra hüquq müdafiəçisi Rüfət Səfərov həbs olundu. 

Sonra eşitdim ki, mənim öz işim və digər siyasi məhbusların məhkəmələri zamanı gördüyüm jurnalistlər Fərid İsmayılov, Ülviyyə Əli, Xəyalə Ağayeva da həbs olunublar. Son bir ildə onların müstəqil mediada çalışan çoxsaylı həmkarları Şəmşad Ağa, Nurlan Qəhrəmanlı, Aynur Elgünəş, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı, Ramin Deko da həbsxanaya düşdülər. Onlardan sonra ictimai fəal Əhməd Məmmədli də həbs olundu”.

O, həmçinin qeyd edir ki, özündən əvvəl ictimai və siyasi fəaliyyətinə görə Tofiq Yaqublu, Anar Məmmədli, Bəxtiyar Hacıyev, Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ülvi Həsənli və “Abzas Media” komandasının üzvləri həbs olunmuşdular.

Əbilov yazır:

“Əgər Elias Kanettinin sözlərini bir qədər dəyişsək, demək olar ki, həbsxana təhdidi hakimiyyətin daim istifadə etdiyi “xırda puludur”. Bütün məhbuslar bu qanunsuzluğun “corpus delicti”, yəni, “sübut predmeti”dir. Mən onlara və ailələrinə dəstəyimi göndərirəm”.

O, məktubunda onu və digər siyasi məhbusları dəstəkləyən təşkilatlara, dostlarına, ailəsinə və vəkilləri Rövşanə Rəhimova ilə Fariz Namazlıya təşəkkür edib:

“Siyasi məhbusların fikirləri bir-birindən fərqli ola bilər, amma mən inanıram ki, hər kəsin azad şəkildə fikir bildirmək haqqı var. Çünki azadlıq nifrətdən deyil, bir-birinin hüquqlarını cəsarətlə müdafiə etməkdən doğur”.

İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əbilovu 18 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Əbilov ittihamları qəbul etmir və fəaliyyətini elmi-tədqiqat işi kimi qiymətləndirir. Bir neçə hüquq müdafiə təşkilatı onu siyasi məhbus kimi tanıyıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun