Prezident İlham Əliyev bu gün imzaladığı bir neçə sərəncamla bəzi rayon icra hakimiyyəti başçılarını vəzifələrindən azad edərək digər rayonlara rəhbər təyin edib. Əliyev daha sonra Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara təyin olunan icra başçılarını qəbul edib.
Görüş zamanı Prezident İlham Əliyev yeni təyin olunan şəxslərə etimadı doğrultmağı tapşırıb:
“Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. İlk növbədə mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Əsas iş prinsipləriniz xalqa xidmət etmək və xalqla bir yerdə olmaq olmalıdır. Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalı, özü və yaxınları elə davranmalıdır ki, ümumi işimizə heç bir irad tutulmasın”.
Prezident bəzi hallarda məmurların davranış tərzindən narazılığını ifadə edib:
“Bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar. Belə davranış həm onların nüfuzuna, həm də dövlətin siyasətinə zərbə vurur. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.
İlham Əliyev bildirib ki, bəzi hallarda yerli məmurlar yuxarı səviyyələrdən gələn təzyiqlərlə qanunsuz göstərişləri icra etməyə məcbur olublar:
“Yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Lakin aparılan sağlamlaşdırma və təmizlənmə siyasəti nəticəsində artıq sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə belə bir tapşırıq verərsə, dərhal mənə məlumat verin, o şəxslər barədə ciddi ölçü götürüləcək”.