Gürcüstan Baş Prokurorluğu səkkiz müxalif siyasətçiyə qarşı müxtəlif ittihamlarla cinayət işi açıb.
“Azadlıq Radiosu”nun Gürcüstan xidməti xəbər verir ki, onlardan bəziləri “təxribatda”, digərləri “düşmən dövlətin maraqlarına xidmət edən fəaliyyətə köməklikdə”, bəziləri isə “hakimiyyətin zorla devrilməsinə çağırışda” ittiham olunur.
İttiham olunanlar arasında sabiq prezident Mixeil Saakaşvili, Zura Caparidze, Georgi Vaşadze, Elena Xoştariya, Nika Qvaramiya, Nika Meliya, Mamuka Xazaradze və Badri Cəparidze var. Prokurorluq “Lelo” partiyasının liderləri Mamuka Xazaradze və Badri Cəparidzenin girov qarşılığında azadlığa buraxılmasını təklif edib. Digər müxaliflər isə hazırda həbsdə saxlanılır.
Baş prokuror Georgi Qvarakidze açıqlamasında bildirib ki, müharibənin Ukraynada başlamasından sonra Elena Xoştariya, Zurab “Girçi” Caparidze və Georgi Vaşadze guya “beynəlxalq sanksiyaların tətbiqinə əsas yaratmaq məqsədilə” xarici dövlətlərin nümayəndələrinə Rusiya neft məhsullarının idxalı, hərbi sahədə “mövcud və ya uydurma vəziyyət” barədə, həmçinin “İranın pilotsuz uçuş aparatlarının Gürcüstan hava məkanı vasitəsilə Rusiyaya daşındığına dair” məlumatlar təqdim ediblər.
Prokurorluğun iddiasına görə, bu siyasətçilər eyni zamanda “dövlət qulluqçuları barədə məlumatları da xarici tərəflərlə paylaşaraq sanksiya siyahılarına salınmalarına səbəb olublar”. Nəticədə, müxtəlif ölkələr təxminən 300 gürcü vətəndaşına — siyasətçilər, məmurlar və sahibkarlara qarşı sanksiyalar tətbiq edib.
Caparidze, Vaşadze, Xoştariya, Nika Qvaramiya, Nika Meliya, Mamuka Xazaradze və Badri Cəparidze 2024-cü il parlament seçkilərindən sonra, nəticələrin “saxtalaşdırıldığı” iddiası ilə “radikal küçə aksiyalarına” başlamalarında da günahlandırılır. Həmin seçkiləri Rusiya yönümlü “Gürcü Arzusu” partiyası udmuşdu.
Müxalifət bu nəticələri tanımır və “Gürcü Arzusu”nun nəzarətində olan parlamentin işində iştirakdan imtina edir.
Həbsdə olan sabiq prezident Mixeil Saakaşvili isə prokurorluğun iddiasına əsasən, “sosial şəbəkələrdə paylaşdığı məlumatlar və mediada yayılan video müraciətləri vasitəsilə tərəfdarlarını qanunsuz və zorakı hərəkətlərə çağırıb”.
Oktyabrın sonunda “Gürcü Arzusu” Konstitusiya Məhkəməsinə müraciət edərək üç müxalif partiyanın – “Milli Hərəkat”, “Dəyişikliklər Koalisiyası” və “Lelo – Güclü Gürcüstan” partiyalarının ləğvini tələb edib. Bu partiyalar 2024-cü il seçkilərində müxalifət arasında ən yüksək nəticə göstərmiş, lakin parlamentin fəaliyyətinə qatılmaqdan imtina etmişdilər.
Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq müdafiə naziri Sergey Şoyqu Gürcüstan hökumətini tərifləyərək deyib:
“Gürcüstan hökuməti seçkilər zamanı ölkədəki sabitliyi pozmaq məqsədli destruktiv hərəkətlərin qarşısını almağı bacardı. Onlar doğrudan da Gürcüstanın və gürcü xalqının maraqlarını qorudular”.