Deputat: “Tibbi sığortaya 16 manat ödənilməsi məcburi deyil, amma ödəniş etməyənlər icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcək”

Deputat: “Tibbi sığortaya 16 manat ödənilməsi məcburi deyil, amma ödəniş etməyənlər icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcək”
25 Noyabr 2025
Mətni dəyiş

Son günlər işsizlərin (qeyri-formal məşğul şəxslər) aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəməsini nəzərdə tutan “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə yol açıb.

Vətəndaşlar işləmədikləri halda niyə belə bir ödəniş etməli olduqlarını anlamadıqlarını bildirirlər. Qanun layihəsində həmçinin sığorta haqqının vaxtında ödənilməməsi halında borc məbləğinin üzərinə əlavə 10 faiz cərimə tətbiq ediləcəyi qeyd olunur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Qafqazinfo”ya bildirib ki, bu qayda məcburi xarakter daşımır, lakin ödəniş etməyən şəxslər icbari tibbi sığorta xidmətlərindən yararlana bilməyəcəklər.

O qeyd edib ki, aylıq 16 manatlıq ödəniş, əslində, vətəndaşın illik xərcləri ilə müqayisədə çox kiçik məbləğdir:

“Bir ildə özəl sektorda aparılan sadə instrumental müayinənin, MRT və ya USM-in qiyməti qədər deyil. Bu mənada 16 manat böyük vəsait deyil. Eyni zamanda əməkhaqlarının leqallaşdırılması və iş yerlərinin qeyri-formaldan formal sahəyə keçidi baxımından da müsbət addımdır”.

Quliyev bildirib ki, qanunun qüvvəyə minməsindən sonra İcbari Tibbi Sığorta Agentliyi mexanizmləri müəyyən edəcək:

“Ən sadə üsul vətəndaşın öz poliklinikasına müraciət edib sığorta kartı almasıdır. Həmçinin hesab açdıraraq ödənişi aylıq etmək və ya illik sığorta haqqını birdəfəlik ödəmək də mümkün olacaq”.

Deputat hesab edir ki, tibbi sığorta həyatın sığortalanması deməkdir:

“Əgər biz avtomobilimizi və evimizi icbari qaydada sığorta ediriksə, həyatımızı niyə etməyək? Dünyanın icbari tibbi sığorta sistemi olan ölkələrində dövlət müəyyən qrupları öz təminatına götürür, digərləri isə sığorta haqqı ödəməklə bu xidmətdən yararlanır”.

O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta qəbul ediləndə işləməyən şəxslərin vəziyyəti ilə bağlı sual yaranmışdı və Prezidentin göstərişi ilə həmin şəxslər də dövlət təminatına daxil edilib:

“Bu, müvəqqəti keçid qaydası idi. İndi dəyişiklikdən sonra gələn ildən uşaqlar, əlilliyi olan şəxslər və pensiyaçılar istisna olmaqla, formal və qeyri-formal çalışanlar, həmçinin gəliri məlum olmayan şəxslər ayda 16 manat ödəyərək sığortadan yararlanacaq. Bu, sosial ədalətin qorunmasına xidmət edir”.

2026-cı ildən etibarən qeyri-rəsmi çalışan və ya gəlir mənbəyi məlum olmayan bütün şəxslər aylıq 16 manat məbləğində icbari tibbi sığorta haqqı ödəməli olacaqlar. Bu barədə dəyişiklik noyabrın 21-də Milli Məclisdə “İcbari tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərin qəbulu ilə təsdiqlənib.

Qanuna əsasən, nəzərdə tutulmuş müddətdə 16 manatlıq ödəniş edilməzsə, yığılan borcun üzərinə gecikdirilmiş məbləğin 10 faizi həcmində əlavə cərimə tətbiq olunacaq.

Qeyri-formal məşğulluq - əmək müqaviləsi və ya xidməti müqavilə olmadan fəaliyyət göstərmək kimi müəyyən edilir. Bu kateqoriyaya kənd təsərrüfatı torpaqlarından istifadə edənlər və ya ailə təsərrüfatı quran şəxslər də daxildir.

Hazırda rəsmi işləyən şəxslər üçün icbari tibbi sığorta haqqı əməkhaqqının 4 faizi - işçi 2 faiz, işəgötürən 2 faiz olmaqla həyata keçirilir. Yeni dəyişiklik qüvvəyə mindikdən sonra isə müəyyən kateqoriyalar istisna olmaqla, əmək qabiliyyəti olan hər kəs minimum əməkhaqqının (400 manat) 4 faizi, yəni, 16 manat ödəyəcək

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun