Britaniya Yayım Korporasiyasının (BBC) baş direktoru Tim Deyvi və “BBC News”un rəhbəri Debora Terness Trampın çıxışının redaktə edilməsi ilə bağlı yaranan qalmaqaldan sonra istefa veriblər. Bu barədə “BBC” noyabrın 9-da məlumat yayıb.
Məsələ “The Telegraph” qəzetinin dərc etdiyi yazıdan sonra gündəmə gəlib. Nəşr “BBC”nin daxili xidməti məktubuna istinadən bildirib ki, “Panorama” proqramı ABŞ prezidenti Donald Trampın iki ayrı çıxış hissəsini elə montaj edib ki, sanki o, 2021-ci ilin yanvarında Kapitolidə baş verən iğtişaşları açıq şəkildə təşviq edib.
Hadisədən sonra Böyük Britaniyanın müxalif Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok “BBC” rəhbərliyinin istefasını tələb edib.
Tim Deyvi istefasından sonra yaydığı açıqlamada bildirib:
““BBC” də digər dövlət qurumları kimi qüsursuz deyil. Biz hər zaman açıq, şəffaf və hesabatlı olmalıyıq. Hazırkı müzakirələr mənim qərarıma təsir göstərdi. Ümumilikdə “BBC” yaxşı işləyir, amma müəyyən səhvlərə yol verilib və baş direktor kimi mən bu məsuliyyəti üzərimə götürürəm”.
Debora Türness isə ayrıca açıqlamasında baş verənlərə görə məsuliyyətin onun üzərində olduğunu bildirib.
Tim Deyvi “BBC”də 2005-ci ilin aprelindən çalışırdı və 2020-ci ilin sentyabrından korporasiyaya rəhbərlik edirdi.