Ayxan İsrafilovun Bakı İstintaq Təcridxanasında 3 gündür quru aclıq etdiyi bildirilir

Ayxan İsrafilovun Bakı İstintaq Təcridxanasında 3 gündür quru aclıq etdiyi bildirilir Foto: sosial media
25 Noyabr 2025
Mətni dəyiş

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilovun Bakı İstintaq Təcridxanasında (BİT) quru aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə məlumatı “İşçi Masası” özü yayıb.

Məlumata görə, İsrafilov artıq 3 gündür quru aclıq edir. O, BİT-də qapalı şəraitdə saxlanılmasına və şəxsi əşyalarının əlindən alınıb geri qaytarılmamasına etiraz edir. Yaxınlarına zəng edərək vəziyyəti barədə məlumat vermək istəyən fəalın telefon danışığının isə yarımçıq kəsildiyi deyilir.

“İşçi Masası” xatırladıb ki, Ayxan İsrafilov 3-cü qrup əlillidir və quru aclıq onun səhhəti üçün son dərəcə təhlükəlidir. Ailə üzvləri hazırda onunla əlaqə saxlaya bilmədiklərini, səhhətindən ciddi narahat olduqlarını bildirirlər.

Ayxan İsrafilov noyabrın 5-də 10 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Yaxınlarının sözlərinə görə, o, həbs müddətinin üçdə ikisini başa vurduğu üçün şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etsə də, vəsatət təmin edilməyib. Daha sonra İsrafilov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib və bu səbəbdən BİT-ə gətirilib.

Ailə üzvləri bildiriblər ki, İsrafilov telefon danışığında təcridxananın qapalı rejimdə olduğunu, bunun isə səhhətinə uyğun olmadığını qeyd edib. Onların sözlərinə görə, fəalın ayağında zədə var və o, daim idman hərəkətləri etməlidir, lakin qapalı şərait buna imkan vermir. Bundan əlavə, BİT-də ailə üzvləri ilə yalnız şüşə arxasından görüşə icazə verildiyi, İsrafilovun saxlanıldığı 10 kvadratmetrlik kamerada isə 6 nəfərin qaldığı bildirilir.

Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndləri ilə ittiham irəli sürülsə də, daha sonra ittiham 234.1.1-ci (satış məqsədi olmadan xeyli miqdarda narkotik əldə etmə və saxlama) maddə ilə dəyişdirilib. O, ittihamı qəbul etmir və həbsi ictimai fəaliyyəti ilə əlaqələndirir.

2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi İsrafilovu 3 il azadlıqdan məhrum edib.

“İşçi Masası” kuryerlərin hüquqları uğrunda mübarizə aparan müstəqil təşkilatdır. Təşkilatın sədri Afiəddin Məmmədov və üzvlər Elvin Mustafayev, Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiəçiləri onların hamısını siyasi məhbus hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun