Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Azadlıq qəzeti Azərbaycana qarşı” işi üzrə qərarını açıqlayıb. Məhkəmə qəzetə qarşı Azərbaycanda çıxarılan cərimə qərarlarının söz azadlığını pozduğunu müəyyən edib.
Qərar noyabrın 25-də keçirilən qapalı müşavirədə qəbul edilib.
“Azadlıq” qəzeti 2012-ci ildə Bakı Metropoliteninin həmin vaxtki rəisi Tağı Əhmədovu tənqid edən məqalə dərc etmişdi. Məqalədə metro tariflərinin artımından sonra sərnişinlərin kartlarında qalan 5 qəpiklərin “yoxa çıxması” məsələsinə diqqət çəkilir, metro rəhbərliyində “mənimsəmə” şübhələri ifadə olunurdu.
Tağı Əhmədov bunun böhtan olduğunu bildirib məhkəməyə müraciət etmişdi.
Yasamal Rayon Məhkəməsi qəzetə qarşı iddianı qismən təmin edib və qəzetin təkzib dərc etməsini, Tağı Əhmədova 30 min manat mənəvi zərərin ödənilməsini qərara almışdı.
Qərarı Apellyasiya və Ali Məhkəmə də qüvvədə saxlamışdı.
Qəzet AİHM-ə şikayət edərək bildirib ki, cərimə məbləği qəzetin gəlirlərinin üçdə biri qədər idi, qəzet artıq maliyyə çətinliyi çəkirdi və bu qədər yüksək cərimə mətbuatı susdurmaq məqsədi daşıyırdı.
2013-cü ildə qəzetin bank hesabından məcburi qaydada 30 500 manat tutulmuşdu.
AİHM qərarında bildirib ki, məqalə ictimai maraq doğuran mövzudan - metroda tarif artımı və vəsaitlərin taleyi barədə idi, dövlət qurumunu idarə edən şəxs yüksək vəzifəli məmurdur və daha çox tənqidə dözümlü olmalıdır, yerli məhkəmələr ittihamları düzgün araşdırmayıb, 30 min manatlıq cərimə həddindən artıqdır və mətbuat üçün “caydırıcı təsir” yaradır.
AİHM yekunda qərara alıb ki, Konvensiyanın 10-cu maddəsi - söz və ifadə azadlığı pozulub.
Məhkəmə müəyyən edib ki, Azərbaycan hökuməti “Azadlıq” qəzetinin ifadə azadlığını pozduğuna görə nəşrə 25000 avro maddi təzminat, 3000 avro mənəvi təzminat, 1500 avro məsrəf ödənişi etməlidir.