Vəkillər Kollegiyası sədrinin təkrar seçilməsinə qoyulan məhdudiyyət ləğv edilib

Vəkillər Kollegiyası sədrinin təkrar seçilməsinə qoyulan məhdudiyyət ləğv edilib
31 Oktyabr 2025
Mətni dəyiş

Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul olunub. Dəyişikliklərə əsasən, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Hazırda Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovdur. O, bu vəzifəyə 2017-ci ildə seçilib, ikinci beşillik səlahiyyət müddəti isə 2027-ci ildə başa çatır. Yeni dəyişiklik bu məhdudiyyəti aradan qaldırdığı üçün Bağırovun üçüncü dəfə namizədliyini irəli sürmək imkanı yaranır.

Qanun layihəsində vəkillərin fəaliyyətinə və vəkilliyə qəbul qaydalarına da bir sıra yeniliklər daxil edilib.

Belə ki, vəkillik üçün tələb olunan hüquqşünas ixtisası üzrə iş stajı üç ildən bir ilə endirilib. Dövlət qulluğuna keçməsi səbəbindən fəaliyyəti dayandırılmış şəxslərin yenidən vəkil kimi fəaliyyət göstərməsi üçün hüquqi əsaslar müəyyən olunub.

Eyni zamanda, dəyişikliklərə görə, vəkil işdə iştirak edən şəxs olduqda - mülki prosesdə kassasiya instansiyasında və cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxs kimi çıxış etdikdə - müdafiəçidən imtina edib özü-özünü təmsil edə biləcək.

Sənəddə vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları dəqiqləşdirilib, Vəkillər Kollegiyasının orqanlarına İntizam və İxtisas komissiyaları əlavə olunub. Bu komissiyaların hüquq və vəzifələri qanunla müəyyənləşdirilib.

Qanun layihəsinə əsasən, Kollegiya regional qurumlar, hüquqi yardım və tədris mərkəzləri də təsis edə biləcək.

Dəyişikliklər həmçinin vəkillər barəsində intizam tənbehlərinin tətbiqi mexanizmini də yeniləyir. Bundan sonra vəkilin fəaliyyətinə xitam yalnız Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə verilə bilər. Həm bu qərardan, həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ qanunla təsbit edilir.

Qanunda “ümumi yığıncaq”, “vəkil sorğusu” və “vəkil vəsiqəsi” kimi müddəalar da yeni redaksiyada təqdim olunub.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun