Sevinc Vaqifqızının ailəsi Lənkəran həbsxanasında zorakı və təhqiramiz davranışa məruz qalıb

Sevinc Vaqifqızının ailəsi Lənkəran həbsxanasında zorakı və təhqiramiz davranışa məruz qalıb
18 Oktyabr 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının ailəsi onunla son görüş zamanı müəssisə əməkdaşlarının təhqiramiz davranışına məruz qaldığını bildirir. Bu barədə ailə “Abzas Media”ya məlumat verib.

Məlumata görə, oktyabrın 18-də Lənkərandakı Penitensiar Kompleksdə keçirilən görüş zamanı jurnalistin anası və bacısına qarşı zorakı və alçaldıcı rəftar olub. Görüşdən əvvəl müəssisə əməkdaşları Vaqifqızının anası Ofeliya Məhərrəmovanı və bacısını xüsusi otağa salaraq zorla yoxlamağa çalışıblar. Ofeliya Məhərrəmova ürəyində aparat olduğunu və ehtiyatla davranılmasını tələb etsə də, əməkdaşlar ondan və qızından ayaqqabılarını çıxarmağı istəyiblər. Yaşlı qadın ayaqqabılarını çıxarmaqda çətinlik çəkdiyini, qızı isə əməliyyatlı ayağına görə bunu edə bilməyəcəyini bildirib və xüsusi aparatla yoxlanılmalarını tələb edib.

Jurnalistin bacısı deyir ki, onlar aparatla yoxlanılandan sonra heç nə tapılmayıb, lakin görüşdən çıxarkən yenidən zorla yoxlanılıblar. Bu dəfə müəssisə əməkdaşları onun ayaqqabılarını zorla çıxarıb içliyini söküblər. Bacısı əlavə edib ki, nəzarətçi qadın onu yoxlayarkən çox kobud davranıb.

Ailə həmçinin Sevinc Vaqifqızı ilə görüşdə konfidensiallıq hüququnun pozulduğunu vurğulayıb. Onların sözlərinə görə, görüş cəmi bir saat davam edib və otaqda bir nəzarətçi daim onların yanında olub. Jurnalist bu haldan narazılıq edərək ailəsi ilə rahat danışa bilmədiyini bildirib, lakin əməkdaş ona “belə əmr var” cavabını verib.

Qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət almaq mümkün olmayıb.

Sentyabrın 25-də Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakı İstintaq Təcridxanasından Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Onların yaxınları bildirirlər ki, bu köçürülmə görüş imkanlarını daha da məhdudlaşdırıb və jurnalistlər bunu yazılarına görə təzyiq kimi qiymətləndirirlər.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun