“QHT işi”: İki nəfərə ittiham aktı elan edilib, daha iki nəfərin məhkəməsi başlayıb

“QHT işi”: İki nəfərə ittiham aktı elan edilib, daha iki nəfərin məhkəməsi başlayıb
23 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Vüsal Mehralıyev ittiham aktını elan edib.

İttihama görə, Bəşir Süleymanlı ABŞ-ın “German Marşal Fondu”ndan (GMF) və digər donor qurumlardan sosial layihələr üçün ayrılan, ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini mənimsəməkdə ittiham olunur. Prokurorluq hesab edir ki, Süleymanlı bu əməli GMF-in Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli və digər şəxslərlə cinayət əlaqəsinə girərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədib və alınmış qrantlar barədə aidiyyəti dövlət orqanlarına məlumat verməyib.

Bəşir Süleymanlı ittihamları qəbul etməyib və özünü təqsirsiz saydığını bildirib. Məhkəmədə məlum olub ki, Mehriban Rəhimli barədə cinayət işi ayrıca icraata götürülüb və istintaq hələ də davam edir. Növbəti məhkəmə prosesi noyabrın 20-nə təyin edilib.

Bir gün əvvəl - oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə daha bir neçə proses başlayıb.

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun işi üzrə hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Bayramov da özünü təqsirsiz sayıb. Növbəti iclas noyabrın 5-nə təyin olunub.

Eyni gün “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun və sosial işçi Zamin Zəkinin məhkəmələri də başlayıb. Prosesdə anket məlumatları dəqiqləşdirilib, hər iki şəxs ittihamlarla razılaşmadıqlarını bildiriblər və işin xitamı ilə bağlı vəsatət veriblər. Prokuror vəsatətləri əsassız sayıb və işlərin baxışa verilməsini istəyib. Nəticədə vəsatətlər təmin edilməyib. Zamin Zəkinin baxış iclası oktyabrın 29-na, Hafiz Həsənovun isə noyabrın 5-nə təyin edilib.

Bu iş çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə hazırda həbsdə saxlanılırlar.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün barələrində axtarış elan olunub. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Onların hamısı ittihamları əsassız hesab edir və siyasi motivli olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun