Peskov: “Putin Əliyevlə görüşdə Bakıda həbs edilən rusiyalıların məsələsini qaldırıb”

Peskov: “Putin Əliyevlə görüşdə Bakıda həbs edilən rusiyalıların məsələsini qaldırıb”
29 Oktyabr 2025
Mətni dəyiş

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilərək həbs olunan rusiyalı İT mütəxəssislərinin məsələsini gündəmə gətirib. “Tass”ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.

Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı “çox həssas və diqqətli iş” aparılır:

“Prezident Putin çox həssas olan bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində də müzakirə olunur. Dialoqumuzu davam etdiririk,” — deyə Peskov bildirib.

O, bu fikirləri Putinin İlham Əliyevlə son danışıqları zamanı Bakıda saxlanılan rusiyalıların azadlığa buraxılması məsələsini müzakirə edib-etməməsi barədə suala cavab olaraq söyləyib.

Peskov həmçinin qeyd edib ki, Moskva oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə baş tutan Putin-Əliyev görüşünün nəticələrini yüksək qiymətləndirir:

“Bu görüş çox önəmli idi, çünki tərəflər bizim ikitərəfli münasibətlərimizdəki “həmin səhifəni çevirməyə” nail oldular,” — deyə Kremlin nümayəndəsi vurğulayıb.

İyulun 1-də Azərbaycanda səkkiz Rusiya vətəndaşı narkotik maddələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə saxlanılıb. Məhkəmə həmin vaxt onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçmişdi. Oktyabrın 28-də onların həbs müddəti daha üç ay uzadılıb.

Hadisə iki ölkə arasında artan diplomatik gərginlik fonunda baş verib.

Azərbaycan və Rusiya münasibətləri AZAL təyyarə qəzasından sonra gərginləşmişdi. Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü isə vəziyyəti daha da gərginləşdirmişdi. Ardınca Bakıda “Sputnik Azərbaycan” rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılmışdı. 
 
Bu hadisələrdən sonra hər iki tərəf diplomatik nota mübadiləsi aparıb və bir sıra rəsmi səfərlər və mədəni tədbirlər ləğv olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun