Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) bildirib ki, Azərbaycan hökumətinin bu ilin əvvəlində bağlanması barədə qərar verdiyi “BBC Azərbaycanca”nın əməkdaşları fəaliyyətlərini davam etdirir.
Agentliyin açıqlamasına görə, akkreditasiyanın ləğvindən sonra jurnalist fəaliyyətinin davam etdirilməsi “qanunun ciddi pozuntusu” sayılır.
“APA” agentliyə müraciət edərək “BBC Azərbaycanca”nın keçmiş əməkdaşlarının “ölkə daxilində jurnalist fəaliyyəti ilə məşğul olduğu, müxtəlif qurumlara sorğular göndərdiyi və araşdırmalar apardığı” barədə məlumatlara aydınlıq gətirilməsini istəyib.
MEDİA “APA”ya bildirib ki, hazırda “BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti üçün hüquqi əsas yoxdur” və bu səbəbdən agentlik “qanunsuz fəaliyyətin dayandırılmasını tələb edə bilər”.
Nə APA, nə də agentlik həmin jurnalistlərin konkret hansı fəaliyyətlə məşğul olduqlarını açıqlamayıb.
“BBC Azərbaycanca” xidməti yayımlarına 1994-cü il noyabrın 30-da başlayıb. 2008-ci ilin dekabrında Azərbaycan Televiziya və Radio Şurası xarici radioların milli tezliklərdə yayımını dayandırmaq haqqında qərar verib. 2009-cu il yanvarın 1-dən “BBC Azərbaycan”, “BBC English”, “BBC Rus” və “BBC Türk” xidmətlərinin proqramlarının FM tezliyində yayımı dayandırılıb.
“BBC Azərbaycanca” 2011-ci ilin martından sonra öz fəaliyyətini internet səhifəsində davam etdirib xəbərlər, təhlillər və reportajlar dərc edib.
 
Fevralın 13-də hökumətyönümlü media Azərbaycan ərazisində fəaliyyət göstərən “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” redaksiyalarının işinin məhdudlaşdırılacağı barədə məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
Bundan sonra “BBC Azərbaycanca” hökumətin göstərişi ilə ofisini bağlamaq qərarına gəldiyini açıqlayıb və bunu “mətbuat azadlığına qarşı məhdudlaşdırıcı addım” kimi dəyərləndirib.
 
                
                
                
             
                 
            
            
            
         
            
            
            
        