Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qrup xüsusi məruzəçisi Azərbaycan hakimiyyətini bir ildən artıqdır həbsdə saxlanılan tədqiqatçılar - İqbal Əbilov və Bəhruz Səmədovu azadlığa buraxmağa çağırıb.
Ekspertlər bəyan ediblər ki, onların həbsi akademik fəaliyyət, hökumət siyasətinə dinc tənqid və azlıqların hüquqlarının müdafiəsi ilə bağlıdır.
“Biz dərin narahatlıq hissi ilə bildiririk ki, Əbilov və Səmədovun həbsi və məhkəmə prosesi sülh təşviqatı, akademik araşdırmalar və mədəni kimliyin qorunmasını “xəyanət” kimi təqdim edir,” – deyə ekspertlər vurğulayıb.
Bəyanatda qeyd olunur ki, İqbal Əbilovun Cənubi Qafqazın etnik azlıqları üzrə ixtisaslaşmış elmi tədqiqatları ona qarşı “xarici təsir altında dövlətə xəyanət” və “etnik, dini, sosial nifrət salmaq” ittihamlarının irəli sürülməsinə əsas kimi istifadə olunub.
“Bu ittihamları sübut edən heç bir ciddi dəlil təqdim edilməyib, bu da hüquqi prosesin ədalətliliyinə və akademik azadlığa dair ciddi narahatlıqlar doğurur,” – deyə xüsusi məruzəçilər bildiriblər.
Siyasi analitik və doktorant Bəhruz Səmədov isə Azərbaycandakı siyasi proseslər və hərbi əməliyyatlarla bağlı tənqidi fikirlərinə, eləcə də Ermənistanla sülhün tərəfdarı olmasına görə “dövlətə xəyanət” ittihamı ilə 15 il həbs cəzası alıb.
Ekspertlər hesab edirlər ki, “geniş milli təhlükəsizlik müddəalarının akademik azadlığı, azlıq kimliklərini və sülh çağırışlarını boğmaq üçün istifadəsi Azərbaycanda məhkəmə təzyiqləri və hədə-qorxularının sistemli xarakter aldığını göstərir”.
Onlar Azərbaycan hökumətini bu iki işə dərhal və qərəzsiz şəkildə yenidən baxmağa, ittihamlar sübuta yetirilmədiyi halda Əbilov və Səmədovu azadlığa buraxmağa çağırıblar:
“Azərbaycan hakimiyyəti alimlərin, yazıçıların və vətəndaş fəallarının fəaliyyətini təhlükəsiz şəraitdə, təzyiq və qisas qorxusu olmadan həyata keçirməsini təmin etməlidir. Ölkə qanunvericiliyi və praktikası beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunlaşdırılmalı, mədəni hüquqlar, akademik azadlıq və ifadə azadlığı qorunmalıdır”.
BMT-nin xüsusi məruzəçiləri həmçinin qeyd ediblər ki, milli təhlükəsizlik qanunvericiliyinin mədəni hüquqların, fikir və ifadə azadlığının, eləcə də akademik fəaliyyətin sərbəst həyata keçirilməsini məhdudlaşdırmaq məqsədilə sui-istifadə olunması “beynəlxalq insan hüquqları prinsiplərinə ziddir”.
Ekspertlər bu məsələdə narahatlıqlarını Azərbaycan hökumətinə rəsmi şəkildə çatdırdıqlarını və vəziyyəti yaxından izləməyə davam edəcəklərini bildiriblər.
Dövlətə xəyanət ittihamı ilə həbs edilən İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.
2025-ci il mayın 20-də məhkəmə Əbilovu 18 il azadlıqdan məhrum edib. O, ittihamları rədd edir və fəaliyyətinin sırf elmi məqsədlər daşıdığını bildirir.
Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
O da dövlətə xəyanət maddəsi ilə təqsirləndirilib və 2025-ci il iyunun 23-də 15 il həbs cəzası alıb.
Səmədov özünü təqsirli saymır və həbsinin siyasi motivli olduğunu bəyan edir.
Hüquq müdafiəçiləri hər iki tədqiqatçını siyasi məhbus kimi tanıyıblar.