Bəhruz Səmədovun “kars”da saxlanılma müddətinin daha 1 ay uzadıldığı bildirilir

Bəhruz Səmədovun “kars”da saxlanılma müddətinin daha 1 ay uzadıldığı bildirilir
27 Oktyabr 2025
Mətni dəyiş

Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun cəzaçəkmə müəssisəsində cərimə kamerasında (“kars”) saxlanılma müddəti daha bir ay uzadılıb.

Bu barədə ictimai fəal Əmrah Təhməzov “Toplum TV”yə Səmədovun nənəsi Zibeydə Osmanovaya istinadən məlumat verib.

Zibeydə Osmanova oktyabrın 26-da nəvəsi ilə 11 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb. Onun sözlərinə görə, Bəhruz Səmədov oktyabrın 25-də “kars”dan çıxmalı olsa da, müəssisə rəhbərliyi müddəti daha bir ay artırıb.

Səmədov görüş zamanı bildirib:

“Mənim günahım nədir ki, məni bir ay da burada saxlayırlar? Məhkəmələri qapalı keçirirlər, deyirlər dövlətə xəyanət etmişəm. Mən hansı sirri düşmən dövlətə vermişəm? Mən sadəcə sülh tərəfdarıyam, müharibə istəmirəm”.

Nənəsinin dediyinə görə, Səmədov psixoloji olaraq ağır durumda olduğunu və özünü öldürmək həddinə gəldiyini də söyləyib.

Məlumata görə, bir ay sonra onun Umbakı Penitensiar Kompleksinə köçürülməsi nəzərdə tutulur. Əmrah Təhməzov deyir ki, müəssisə rəisi Səmədovun “kars”da saxlanmasını ümumi kamerada Qarabağ müharibəsi iştirakçısının olması ilə əsaslandırıb və tərəflər arasında münaqişə riski yarana biləcəyini iddia edib.

Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Səmədov ittihamı qəbul etmir. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun