Baş Prokurorluq: “Bəzi QHT rəhbərləri pul qarşılığında və şəxsi münasibətlərə görə saxta orden və medallar veriblər”

Baş Prokurorluq: “Bəzi QHT rəhbərləri pul qarşılığında və şəxsi münasibətlərə görə saxta orden və medallar veriblər” Foto: Baş Prokurorluq
17 Oktyabr 2025
Mətni dəyiş

Baş Prokurorluğun Mətbuat xidməti bir neçə qeyri-hökumət təşkilatının (QHT) rəhbərləri və vəzifəli şəxsləri barəsində cinayət işi başlandığını açıqlayıb.

Məlumata görə, onlar “qanunsuz orden və medallar hazırlayaraq çoxsaylı şəxslərə təqdim etməkdə” ittiham olunurlar. İstintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Rəsmi açıqlamada “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyi, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, “Dədə Qorqud” Xeyriyyə Fondunun adı çəkilir.

Baş Prokurorluğun məlumatında bildirilib ki, sözügedən qeyri-hökümət təşkilatlarının vəzifəli şəxsləri vəzifə səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla qanunsuz olaraq müxtəlif adda çoxsaylı orden, medal və döş nişanları təsis edib, həmin orden medal və döş nişanlarını şəxsi münasibətlərə görə, eləcə də, müxtəlif məbləğlərdə pul vəsaiti qarşılığında çoxsaylı şəxslərə təqdim ediblər.

İstintaq orqanı bu təşkilatların rəhbərlərinin vəzifə səlahiyyətlərini aşmalarına dair əsaslı şübhələr müəyyən edib.

Məlumata görə, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Səyyaf Orucov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb və onlar barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qanunvericiliyə görə, bu maddə ilə cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Hələlik sözügedən ittihamlarla bağlı qurumların təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Oktyabrın 1-də Daxili İşlər Nazirliyi (DİN) bəzi QHT rəhbərlərini saxta orden və medallar, eləcə də müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda ittiham etmişdi. Həmin vaxt “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılmışdı.

İlkin araşdırmalar zamanı onların izahatları alındıqdan sonra sərbəst buraxılmışdılar. DİN araşdırma çərçivəsində bu şəxslərin və rəhbərlik etdikləri təşkilatların son illərdəki fəaliyyətini qiymətləndirdiklərini bildirmişdi.

DİN-in rəsmi açıqlamasına görə, həmin təşkilatların ofislərindən 1500-dən çox medal və orden, 421 vəsiqə, 60-dan artıq möhür və digər saxta atributlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Yerli media 2022-ci ildə “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılovun Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da “təltif etməsinə” dair görüntülər yaymışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun