Azər Qasımlının məhkəməsində vəkillər verilən suallara etiraz edib

Azər Qasımlının məhkəməsində vəkillər verilən suallara etiraz edib
9 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 8-də Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

“Azadlıq Radiosu”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə Qasımlı dindirilib.

Politoloq prokurorun və zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun vəkillərinin suallarını cavablandırıb. Suallar əsasən tərəflərin tanışlığı, Qasımlının kriptovalyuta birjasına yatırımları və bunun mexanizmləri ilə bağlı olub. Qasımlı bildirib ki, “Binance” birjasına yatırım etmək üçün Qurbanəli Yusifova hər biri 10 min dollar olmaqla iki dəfəyə ümumilikdə 20 min dollar verib. Onun sözlərinə görə, qarşı tərəf etibarından sui-istifadə etdiyi üçün pullarını geri tələb edib.

Qasımlının müdafiəçiləri verilən suallara etiraz edərək qeyd ediblər ki, prosesin predmeti politoloqa qarşı “hədə-qorxu ilə tələb etmə” ittihamıdır. Halbuki verilən suallar kommersiya xarakterlidir və Qasımlı əvvəlki iclasda bu barədə ətraflı ifadə verib. Vəkil Rövşanə Rəhimli əlavə edib ki, ittiham yalnız Yusifovun şikayətinə əsaslanır, nə birbaşa şahid var, nə də mötəbər sübut. Onun sözlərinə görə, şahidlər siyahısında yalnız Yusifovun qohumları göstərilib, hadisəyə birbaşa şahidlik edən şəxs isə yoxdur.

Digər vəkil Aqil Layıc isə həmkarının vəsatətinə dəstək verərək bildirib ki, zərərçəkmiş özü aliment ödəmədiyinə görə məhkəməyə verilmişdi və bu fakt da nəzərə alınmalıdır. Müdafiə tərəfi əlavə şahidlərin, o cümlədən Fərəhbanu Niftəliyevanın çağırılmasını tələb etsə də, prokuror və qarşı tərəf buna etiraz edib. Hakimlər isə hələ ittiham aktında adı olan əsas şahidlərin dindirilmədiyini əsas gətirərək vəsatəti baxılmamış saxlayıblar.

Məhkəmə prosesi oktyabrın 22-dək təxirə salınıb. 

Azər Qasımlı 2023-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə – zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə mühakimə olunur. Politoloq bu ittihamların siyasi sifarişli olduğunu bildirir.

Azər Qasımlı 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutkalıq inzibati həbs almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun