Oktyabrın 28-də Gəncə Apellyasiya Məhkəməsində vəkil Zabil Qəhrəmanov barəsində verilmiş həbs qərarından edilən şikayətə baxılıb. Təxminən 5 saat davam edən prosesdə məhkəmə kollegiyası vəkilin apellyasiya şikayətini təmin etməyərək, həbsin qüvvədə saxlanılması barədə qərar qəbul edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, iclasda həm vəkilin özü, həm də onu müdafiə edən hüquqşünaslar çıxış ediblər. Onlar Zabil Qəhrəmanovun təqsirsiz olduğunu, barəsində açılmış cinayət işinin və Gəncə Şəhər Məhkəməsinin həbs qərarının qanunsuz və əsassız olduğunu bildiriblər.
Qəhrəmanov çıxışında bildirib ki, onun həbsi prinsipial vəkil fəaliyyəti ilə bağlıdır:
“Gəncə şəhər Baş Polis İdarəsində vətəndaşlara qarşı baş verən qanunsuzluqları ictimailəşdirdiyim üçün məni cəzalandırırlar,” – deyə o, məhkəmədə bildirib.
Müstəntiq isə apellyasiya şikayətinin təmin edilməməsini istəyib, Qəhrəmanovun azadlıqda qalarsa, şahidlərə təsir göstərə və istintaqdan yayınma ehtimalı yarana biləcəyini iddia edib.
Hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən iclasın yekununda məhkəmə şikayəti rədd edib.
Gəncə Regional Vəkil Bürosunun üzvü olan Zabil Qəhrəmanovu oktyabrın 23-də Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıb. O, ilkin olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq — ictimai qaydanı qoruyan şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə ittiham olunub.
İttihama görə, o, həmin gün bir avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib və ona xəsarət yetirib. Daha sonra Qəhrəmanova 178.2.4-cü maddə (dələduzluq — xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə əlavə ittiham irəli sürülüb.
İstintaq iddia edir ki, vəkil Şəmkir sakini Emin İbrahimovdan hüquqi yardım qarşılığında 5600 manat alaraq “işi istədiyi kimi həll edəcəyinə” söz verib.
Zabil Qəhrəmanov isə hər iki ittihamı rədd edir, adları çəkilən şəxslərin “onun cəzalandırılması üçün istifadə olunduğunu” bildirir.
Oktyabrın 8-də Daxili İşlər Nazirliyindən daxil olan şikayət əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti Zabil Qəhrəmanovun vəkillik fəaliyyətini 6 ay müddətinə dayandırmışdı.
Zabil Qəhrəmanov bir sıra ictimai rezonans doğuran işlərdə müdafiəçi qismində çıxış edib. O, Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyeva işində ittiham olunan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il həbs alıb sonradan bəraət qazanan Polad İsmayılovun, “Tərtər işi” üzrə bir neçə zərərçəkmişin və bir sıra ictimai-siyasi fəalların vəkili olub.