Lənkəranda yerləşən Penitensiar Kompleksdə saxlanılan “Abzas Media”nın qadın jurnalistləri onlara verilən vədlərin yerinə yetirilmədiyini bildirirlər.
Jurnalist Elnarə Qasımova ailəsi ilə danışığında deyib ki, müəssisəyə köçürüləndən bəri onlara siqaret çəkilməyən kamerada qalacaqları vəd olunsa da, hazırda fərqli kameralarda siqaret çəkən məhbuslarla birlikdə saxlanılırlar.
“14 gündür ki, vədlərinə əməl etmirlər. Halbuki karantin müddəti bitəndə bunu edəcəklərini demişdilər. Nərgizlə mən siqaret çəkənlərin olduğu otaqda saxlanılırıq. Məndə bronxial astma var. Siqaret tüstüsü nəfəs almağımı çətinləşdirir. Nərgiz də siqaret tüstüsünü götürmədiyindən, gözləri göynəyir, nəfəs darlığı yaşayır,” – jurnalist bildirib.
O əlavə edib ki, kompleksin rəhbər şəxslərindən nə vaxt siqaret çəkilməyən kameraya köçürüləcəkləri barədə soruşduqda, “İnşallah olacaq, səbirli olun” cavabı alırlar.
Elnarə Qasımovanın sözlərinə görə, Penitensiar Kompleksdə qadınlar üçün cəmi 2 kamera açılıb. Jurnalist bildirib ki, bu 2 kamerada hazırda ümumilikdə 12 qadın saxlanılır.
“Kameranın biri siqaret çəkənlər, digəri çəkməyənlər üçün ayrılıb. Biz üçümüz də siqaret çəkmədiyimiz halda, ikimizi siqaret çəkilən otağa salıblar. Bu, sağlamlığımıza ziyan vurur,” – deyə o əlavə edib.
Qasımova həmçinin qeyd edib ki, müəssisə rəhbərliyi ailələrinin gətirdiyi müstəqil mətbuat materiallarını onlara vermir:
“Ailələrimiz müstəqil mediada çıxan xəbərləri çap edib bizə gətirsə də, bu xəbərləri müsadirə edirlər. Sonuncu həftə gətirilən xəbərləri rəis Babək İsgəndərov oxuyandan sonra “yuxarı”ya məruzə edib onların bizə verilib-verilməyəcəyini dəqiqləşdirəcəyini dedi. Nəticədə o xəbərlər bizə verilmədi. Rəis həmin xəbərlərin əvəzinə bizə “2 Sahil”, “Azərbaycan”, “Səs” qəzetlərinin avqust və sentyabr buraxılışlarından bəzilərini göndərib. Biz Babək İsgəndərova bildirdik ki, bu qəzetlərə abunə olmamışıq və istəməmişik. Yalnız müstəqil media xəbərləri bizim doğru məlumat ehtiyacımızı qarşılaya bilər,” – Elnarə Qasımova bildirib.
Onun sözlərinə görə, jurnalistlər hazırda informasiya blokadasında saxlanılırlar.
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Elnarə Qasımova ilə Nərgiz Absalamova sentyabrın 25-də Lənkərandakı Penitensiar Kompleksə köçürülüblər. Jurnalistlər Bakı ilə Lənkəran arasındakı məsafənin ailələri ilə görüş imkanlarını məhdudlaşdırdığını deyirlər. Onların sözlərinə görə, başqa rayona köçürülmələri məhz jurnalist fəaliyyətləri ilə bağlıdır.
2023-cü ilin noyabrından “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, əməkdaşlar Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı. iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Onlara qarşı qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamları irəli sürülüb. Lakin həm jurnalistlər, həm də hüquq müdafiəçiləri ittihamları rədd edərək, həbslərin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildiriblər.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.