Hazırda Lənkəran Penitensiar Kompleksində saxlanılan “Abzas Media”nın qadın jurnalistləri bu müəssisəyə köçürülməzdən əvvəl Bakı İstintaq Təcridxanasında şahidi olduqları “yoxlama təlaşından” yazıblar. Onlar bu yazını həmkarları, hazırda həmin təcridxanada tənqidi məqalələrinə görə təzyiqlərlə üzləşən Əli Zeynala həsr etdiklərini bildiriblər.
Jurnalistlərin yazısını təqdim edirik:
Nəzarətçilər köhnə jurnalları ortaya töküb sahmana salır, dustaqlara gecikdirilmiş telefon zəngi imzalarını çəkdirir, qanunsuz cəza kameralarının (“kars”) üstünə vərəqdə “Anbar” yazıb vurur, illərdir taxmadıqları təqdimat kartlarını yaxalarına yapışdırırdılar. Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının təlaşı “şmon gəlir” deyəndən sonra qanunsuz əşyalarını küncdə-bucaqda gizlətməyə çalışan dustaqların əl-ayağa düşməsini xatırladırdı. Bu dəfə dustaqları yox, BİT-ni yoxlamağa gəlirdilər. Daha sonra öyrənəcəkdik ki, yoxlama dedikləri AŞPA-nın İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi imiş. Ona görə də mərtəbələrdəki qanunsuz cəza kameraları “anbar”a çevrilmişdi, amma dillərindən silə bilməmişdilər. Məsələn, nəzarətçilər telefonda gözləyənlərin sayı çoxalanda “Qızlar, anbarda gözləyin” yox, “Keçin, “kars”da gözləyin” deyirdilər. “Anbar” kəliməsini də boya ilə yox, vərəqdə yazıb yapışdırmışdılar ki, yoxlama gedəndən sonra onu silməyə əziyyət çəkməsinlər.
Təcridxana gələcək qonağın müjdəçisi olan boya ilə qoxurdu. Korpuslar rənglənir, illərdir təmirsiz qalan, həşərat basmış kameralar təmirə bağlanırdı. Həmin otaqlarda saxlanılan dustaqlar müvəqqəti olaraq ya başqa kameralara yerləşdirilir, ya da üstünə “Anbar” yazılan cəza kamerasına göndərilirdi.
Korpusdakı sıxlıq da yoxlamanın diqqətini çəkə bilər deyə, qadınların bir hissəsini bir həftəlik təcridxananın tibb məntəqəsinə yerləşdirdilər. Beləliklə, 28 kameraya 150 qadını necə yerləşdirdikləri ilə bağlı sorğu-sualdan yayınacaqdılar. Dustaqların təkcə yeri yox, üst-başları da dəyişdirilirdi. Orada saxlanıldığımız 2 ilə yaxın müddətdə dustaqlara verilməyən ayaqqabılar paylanıldı. Bundan başqa, çay, əl-üz dəsmalı, rezin çəkələk, odeyal, mələfə, balış üzü, diş pastası, gigiyenik pedlər verildi. Amma verilən əşyaların heç də hamısı bütün dustaqlara çatmadı. Çay dəsmalı, odeyal təkəm-seyrək halda paylanılırdı. Rejim rəisi Təranə Quliyeva kamera yoldaşları üçün də odeyal istəyən dustağa “Bu, təzələr üçündür. Köhnələr odeyalı neyləyir?” deyə cavab vermişdi.
Nazirlər Kabinetinin 22 nömrəli qərarında köhnə və yeni dustaq anlayışının olmadığını, verilən malların hər dustaq üçün nəzərdə tutulduğunu xanım Quliyevaya xatırladandan sonra bu gün tələsiyə düşdüklərini, sabah bütün dustaqlara paylanılacağını dedi. Amma sabah da odeyal hamıya çatmadı.
Qərarda hər qadın üçün ayda 1 dəfə içində 12 ədəd olmaqla gigiyenik ped nəzərdə tutulsa da, verilən paketlərdə bəzisinə 6, bəzisinə 8, bəzisinə 4 ədəd ped düşmüşdü. Amma qadınlar buna da sevinirdilər. Çünki son aylarda 150 qadın üçün əvvəlcə 15 paket, sonra 10, yekunda 5 paket gigiyenik ped verilmişdi. 150 qadından yalnız beşi menstrual dönəmdə pedlə təmin olunmuşdu.
Dustaqlara sadaladığımız əşyalar verilməmişdən öncə baş nəzarətçi əlində təminat jurnalı ilə kamera-kamera dolaşıb boş sütunlara imza çəkdirirdi. Paylanılan mallardan ona heç nə çatmadığına görə imza çəkməyəcəyini deyən dustaqlara baş nəzarətçi “Mənə tapşırıblar ki, hər kəs qol çəkməlidir” deyirdi. Orada nə mal və məhsulların adı, nə verilmə tarixi, nə sayı göstərilmişdi. Daha sonra o sütunlara nəyin nə qədər yazılacağı müəmma olaraq qaldı.
“Yoxlama var” deyəndən sonra “balanda” deyilən təcridxana yeməklərində ətin miqdarı da artmışdı. Aş vermək üçün də İlham Əliyevin doğum, Heydər Əliyevin vəfatı gününü gözləmirdilər.
Təsərrüfat işçisi kameralara yaxınlaşıb “Yaxşı qaralı aş var, qızlar. Xoşunuza gələcək” deyə təklif edirdi.
Təcridxana ərazisində tez-tez təsərrüfat işçiləri ilə qarşılaşsaq da, həmin dönəmdə işçilər gözə dəymirdi. Bəlkə də yoxlama ilə qarşılaşsalar, gündə 10 saat istirahətsiz minimum əmək haqqına çalışdırıldıqları məlum olar deyə onları gözdən uzaq tuturdular.
Göz önündə isə ağ süfrə salınmış masalar, üstündə də təcridxana rəhbərliyinin tez-tez pozduğu qanunları qoymuşdular. Rüşvətdən tutmuş fiziki işgəncəyə qədər çeşidli qanun pozuntularının yaşandığı bu müəssisədə rəhbərlik qanun qarşısında səliqəli görkəm almaq istəyirdi. “Mən buranı qanunla yox, türmə qaydaları ilə idarə edirəm”, “Çətin məhbuslar var ki, döyməsən olmur. Siz bunu başa düşməzsiniz”- deyən təcridxana rəisi Elnur İsmayılov bu sözləri eyni səmimiyyətlə AŞPA-nın İşgəncələr Əleyhinə Komitəsinə deyə bilərdimi? Və ya müavinləri Cavid Güləliyevlə Ceyhun Hacıyev dustaqları necə döydüklərini, yatağa qandalladıqlarını (Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasındakı işgəncə üsulları ilə bağlı yazısını oxuya bilərsiniz ) eyni fəxarətlə AŞPA nümayəndələrinə sadalaya bilərdilərmi?
Yoxlamaya hazırlıq dönəmində hər gün iş saatından artıq çalışdırılan, istirahət günü ləğv olunan, yorğun düşən nəzarətçi gələcək qonaqları təsvir edərkən deyir: “Əvvəl idarədən (Penitensiar Xidmət nəzərdə tutur) gəlirdilər, yoxlayırdılar. Elə bil ki, bir avtobusa mindirirdilər, iki-üç dayanacaq sonra deyirdilər “düş get”. Amma indi gələn səni avtobusa mindirir, ardınca qapılar taybatay bağlanır, düşə bilmirsən”.
Elnarə Qasımova, Nərgiz Absalamova, Sevinc Vaqifqızı