11 saylı CÇM-də saxlanılan Bəhruz Səmədov: “Məni öldürmək istəyirlər”

11 saylı CÇM-də saxlanılan Bəhruz Səmədov: “Məni öldürmək istəyirlər”
20 Oktyabr 2025
Mətni dəyiş

Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovun 11 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) qapalı şəraitdə saxlanıldığı bildirilir.

Bu barədə məlumatı onun nənəsi Zibeydə Osmanova “Meydan TV”yə verib. Osmanovanın sözlərinə görə, müəssisə rəhbərliyi heç bir əsas göstərmədən Səmədovun 1,5 ay qapalı kamerada qalacağını bildirib.

“Bəhruzla danışdım, dedi ki, əslində iki həftə qalmalıdır, amma ona ay yarım qapalı şəraitdə olacağı bildirilib. Otaqdan çıxmağa icazə yoxdur. Daha sonra onu Umbakı Penitensiar Kompleksinə göndərəcəklərini söyləyiblər. Bəhruz da deyir ki, “mənim günahım nədir, sübut etsinlər. Adətən Umbakıya bir dəfə salırlar, niyə məni ikinci dəfə ora göndərirlər? Bilirəm ki, məni öldürmək istəyirlər. Öldürmək istəyirlərsə, ya güllələsinlər, ya da assınlar””, – deyə Osmanova nəvəsinin sözlərini çatdırıb.

Zibeydə Osmanova bildirib ki, fəalın vəkili Zibeydə Sadıqova yaxın günlərdə onunla görüşəcək və Ombudsmana müraciət edəcək.

“Mənim nəvəmin günahı nədir, bilmirəm. Mənə elə gəlir ki, Bəhruzdan əvvəl mən özümü öldürəcəm”, – deyə o əlavə edib.

Osmanova nəvəsinin həyatından ciddi narahat olduğunu bildirib. Onun sözlərinə görə, Bəhruz Səmədov bundan öncə iki dəfə intihara cəhd edib və yenidən belə bir addım ata biləcəyini deyib.

Bəhruz Səmədovu 2024-cü ilin avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb və ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb.

2025-ci il iyunun 23-də məhkəmə onu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Səmədov özünü təqsirli saymır. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun