“Sərhədlərin delimitasiyası üzrə komissiyaların görüş tarixi razılaşdırıldıqda bu barədə məlumat veriləcək, hələlik isə iclasın konkret tarixi barədə razılıq mövcud deyil”.
Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında belə deyib.
“News.am”ın məlumatına görə, Paşinyan bildirib ki, hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq və bu barədə sənəd artıq dərc olunub.
"Biz hazırıq və açıq deməliyəm ki, 2024-cü ildə delimitasiya prosesi əhəmiyyətli dərəcədə konkret xarakter alıb. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Hər iki ölkə bu sənədi təsdiqləyib və bu, fundamental əhəmiyyət daşıyır. Artıq razılıq əldə olunub ki, yaxın dövrdə komissiyalar və tərəflər Gürcüstan sərhədindən İran sərhədinə qədər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə bir araya gələcəklər", – Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, sülh sazişi ilə bağlı yeni bir məsələ yoxdur və layihənin 17 bəndindən 15-i razılaşdırılıb.
“Razılaşdırılmamış iki bənd var və hər ikisi üzrə Ermənistan öz həll təkliflərini irəli sürüb. Onlardan biri sərhəd boyunca üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsi ilə bağlıdır. Biz təklif edirik ki, bu prinsip yalnız delimitasiya olunmuş sərhəd hissələrinə tətbiq edilsin.
Bundan əlavə, beynəlxalq instansiyalardakı hüquqi mübahisələrin geri götürülməsi məsələsi də var. Müəyyən şərtlər və hallarda bu, bizim üçün məqbul ola bilər, yəni, biz təkcə beynəlxalq instansiyalardan geri çəkilmirik, eyni zamanda ümumiyyətlə bu mübahisələrdən imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürək, Azərbaycan da öz iddialarından imtina etsin, yəni razılaşaq ki, bu məsələləri beynəlxalq instansiyalara çıxarmırıq. Lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli münasibətlərin gündəminə daxil edər və bunun ətrafında eskalasiya baş verə bilər. Bu halda biz artıq özümüz üçün eskalasiya riskini idarə etmək və beynəlxalq platformalardan istifadə etmək imkanını bağlamış olarıq", – Ermənistanın baş naziri bildirib.
Ötən il dekabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Ermənistanla sülh müqaviləsi layihəsinin 17 maddəsinin tam razılaşdırıldığını, qalan 2 maddə üzrə açıq qalan suallarla bağlı işlərin davam etdiini bildirib. Nazir əlavə edib ki, artıq bir neçə raund danışıqlar olub və mətn mübadilələri həyata keçirilib:
"Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb. Postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını, mətn üzrə mübadilələri davam etdiriblər. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində danışıqlar davam etdirilib. Eyni zamanda sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər həyata keçirilib, həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Burada da açıq suallar qalmasına baxmayaraq, bəlli irəliləyişlər əldə olunub".
Ceyhun Bayramov qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:
"Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin qərarı bu işi daha da mürəkkəbləşdirib. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var və o sənəddə də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur".
Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələyə də toxunub. Ermənistanın baş naziri deyib ki, heç nə dəyişməyəcək.
"Ermənistanın Konstitusiya Məhkəməsi təsdiq edib ki, bizim Konstitusiyamızda Azərbaycana qarşı ərazi iddiası yoxdur", – deyə baş nazir bildirib.