Mehriban Əliyevanın rəhbərlik etdiyi federasiyaya zorakılığa görə sanksiya tətbiq edilib

Mehriban Əliyevanın rəhbərlik etdiyi federasiyaya zorakılığa görə sanksiya tətbiq edilib Foto: Sportline az
7 Yanvar 2025
Mətni dəyiş

6 ay beynəlxalq tədbirlərdə iştirakdan məhrum edilən Azərbaycan Gimnastika Federasiyası gimnastlara göstərilən fiziki və psixoloji zorakılığa görə, Beynəlxalq Gimnastika Federasiyasına 30000 İsveçrə Frankı həcmində cərimə ödəyəcək  

Beynəlxalq Gimnastika Federasiyası Azərbaycan Gimnastika Federasiyasına sanksiya tətbiq edib. Gimnastika Etikası Fondunun dekabrın 31-də yaydığı məlumatda belə deyilir. 

Belə ki, milli federasiya 2025-ci ildə Maltanın Qavra şəhərində keçiriləcək 25-ci Şura İclasında və 2026-cı ildə Banqokda (Tailand) keçiriləcək 86-cı Konqresdə iştirakdan məhrum edilib.

Bundan başqa, Azərbaycan Gimnastika Federasiyası 6 ay ərzində Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan məhrum edilib. 

Bununla belə, qərarda qeyd edilib ki, bu sanksiya təhlükəsizlik tədbirlərinə dair tələblərin yerinə yetirilməsi şərti ilə 12 ay müddətinə təxirə salınıb.

1994-cü ildə yaradılan Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsini 2002-ci ildən bəri Birinci vitse-prezident Mehriban Əliyeva icra edir. 

Mehriban Əliyeva, Azərbaycan Gimnastika Federasiyasının prezidenti. Foto Prezident az saytından götürülüb 

Qeyd edək ki, Milli federasiyanın gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması üzrə qaydalarına görə, fiziki və psixoloji zorakılıq qadağan olunur.

Amma Azərbaycan Gimnastika Federasiyasının keçmiş və hazırkı məşqçiləri bu qaydaları pozub. Buna görə bədii gimnastika üzrə keçmiş baş məşqçi Mariana Vasilyeva, hazırda baş məşqçi vəzifəsini icra edən Siana Vasilyeva, məşqçi Yevgeniya Vilyayeva sanksiyalara məruz qalıb.

Milli federasiyaya qarşı sanksiyalar məşqçiləri gimnastlara qarşı fiziki və psixoloji zorakılıq nümayiş etdirməsinə dair iddialar təsdiqini tapandan sonra tətbiq edilib. 

Gimnastika Etikası Fondu 2020-ci ilin iyulunda daxil olan şikayətlərdən sonra genişmiqyaslı araşdırmalara başlayıb. 2023-cü ildə yekunlaşdırılan ilkin araşdırma nəticəsində məlum olub ki, keçmiş baş məşqçi Mariana Vasilyeva çəki artımına görə atletləri döyüb, onları təhqir edib, özlərini yaxşı hiss etmədikləri halda atletlərin sağlamlığını risk altına qoyaraq onları məşqə məcbur edib. 

Mariana Vasilyeva, Foto Beynəlxalq Cüdo Federasiyasının saytından götürülüb

Bundan başqa, Mariana Vasilyeva atletlərin pul və ya mükafatlarını mənimsəyib, onların ailələri ilə və ya digər şəxsi əlaqələrini məhdudlaşdıraraq mobil telefonlarından istifadə etmələrinə qadağa qoyub. Qeyd edək ki, Mariana Vasilyeva hazırda Azərbaycanın gənclər və idman nazirinin müavini vəzifəsində çalışır.

İntizam komissiyası Mariana Vasilyevanı yol verdiyi pozuntulara görə, 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətində və beynəlxalq tədbirlərdə iştirakdan məhrum edib. O, həyatının sonuna qədər Beynəlxalq Gimnastika Fonduna bağlı olan hər hansı federasiyanın baş məşqçisi ola bilməyəcək. 2019-cu ildə Beynəlxalq Gimnastika Fondunun Mariana Vasilyevaya təqdim etdiyi “Fəxri Məşqçi” diplomu da ondan geri alınacaq.

Baş məşqçi Siyana Vasilyeva isə bir gimnastı telefonla vurmağa görə məsuliyyət daşıyır. Ona verilən sanksiyalara əsasən, Siyana Vasilyeva 18 ay müddətinə bütün FIG fəaliyyətlərində və digər beynəlxalq tədbirlərdə iştirakdan məhrum ediləcək.

Siyana Vasilyeva, Foto "İdman biz" saytından götürülüb

Digər bir məşqçi Yevgeniya Vilyayevanın bir gimnastı çəkisinə görə təhqir edtdiyi bildirlib. Sanksiyalara əsasən, Yevgeniya Vilyayeva 12 ay müddətinə Beynəlxalq Gimnastika Fondunun fəaliyyətində və digər beynəlxalq tədbirlərdə iştirakdan məhrum ediləcək. 

Yevgeniya Vilyayeva, Foto "İdman biz" saytından götürülüb

İntizam Komissiyası iddialar üzrə araşdırmaya cəlb edilmiş federasiyanın hakimi, keçmiş məşqçi Nataliya Bulanovaya isə bəraət verib. Məşqçilərinin yol verdiyi bütün pozuntularına görə məsuliyyət Azərbaycan Gimnastika Federasiyasının üzərinə qoyulub.

Nataliya Bulanova, Foto "Trend az" saytından götürülüb

Gimnastika Etikası Fondunun elan etdiyi qərara əsasən, Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası ilə razılaşdırılmış ixtisaslı təhlükəsizlik mütəxəssisi təyin etməli və onun 2025-ci ilin 31 mart tarixinə qədər təqdim edəcəyi ilkin hesabatı ilə təhlükəsizlik prosedurlarını və mexanizmlərini, o cümlədən intizam proseslərini nəzərdən keçirməlidir. 

2026-cı ilin sonunadək hər üç aydan bir hesabat təqdim edilməli, milli federasiyanın idarə heyətinə müstəqil və ədalətli bir təhlükəsizlik direktoru təyin etməlidir. Azərbaycan Gimnastika Fondu yol verdiyi pozuntuya görə 30 000 İsveçrə Frankı (təxminən 33 136 ABŞ dolları)  həcmində cərimə ödəyəcək.

Azərbaycan Gimnastika Federasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun