Cozef Zane Sikulu: “Azərbaycan iqlim konfransının nüfuzlu ev sahibi kimi görünmək istəyirsə, noyabra qədər iddialı iqlim hədəfləri ortaya qoymalıdır”
Sakit Okean İqlim Hərəkatının fəalı Cozef Zane Sikulu COP29 prezidenti, SOCAR neft şirkətinin keçmiş icraçı direktoru Muxtar Babayevə açıq məktub ünvanlayıb.
Məktubda Sikulu özünü Tonqa əsilli kimi təqdim edərək bildirib ki, Babayev bu yaxınlarda 53-cü Sakit Okean Adaları Forumunda iştirak etmək üçün Tonqa adalarına səfər edib.
"Siz ötən həftə mənim doğma adamı ziyarət etdiniz və nümayəndə heyətinizlə birlikdə leysan yağışların və zəlzələnin şahidi oldunuz. Xalqımızın fəlakətlərə qarşı nə qədər həssas və necə hazırlıqsız olduğunu gördünüz", – Sikulu yazıb.
O, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevi bu ilin əvvəlində etdiyi çıxışında bərpa olunmayan yanacaqları “tanrıların hədiyyəsi” adlandırdığına görə tənqid edib.
“Sakit okeanda bizim üçün bu cür sözlər sadəcə diqqətsizlik deyil, qəddarlıqdır. Evlərimiz təhlükə altındadır. Sakit Okeandakı evlərimizi qorumaq bərpa olunmayan yanacaq hasilatının genişləndirilməməsi deməkdir ", – Sikulu əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan iqlim məsələləri üzrə lider deyil.
“Siz 1990-cı illə müqayisədə 2050-ci ilə qədər emissiyaların cəmi 40 faiz azalmasından danışırsınız. Halbuki 90-cı illərdə tullantılarınız 21-ci əsrdəkindən qat-qat yüksək idi. Bərpa olunmayan yanacaq ixracını artırmaq planlarınız iqlim hədəflərinizlə ziddiyyət təşkil edir", - məktubda deyilir.
Sikulu həmçinin bildirib ki, Azərbaycan mədən sənayesini məsuliyyətə cəlb etmək əvəzinə, SOCAR dövlət neft şirkəti tərəfindən bərpa olunmayan yanacaq hasilatının gələcəkdə genişləndirilməsini ört-basdır etmək üçün “yaşıl pulların yuyulması” fondu yaradıb.
“1 milyard dollarlıq fond güzəştli şərtlərlə deyil, bazar qiymətləri ilə fəaliyyət göstərəcək. Bu, iqlim dəyişikliyi və bərpası ilə bağlı real fəaliyyət üçün lazım olan nəhəng məbləğlərlə müqayisədə acınacaqlı bir jest və diqqəti ölkənizin dağıdıcı ekoloji fəaliyyətindən yayındırmaq cəhdidir”.
“Azərbaycan iqlim konfransının nüfuzlu ev sahibi kimi görünmək istəyirsə, noyabra qədər iddialı iqlim hədəfləri ortaya qoymalıdır. Həqiqi iqlim liderliyi şəxsi iradədən asılı olmur: bu, iqlim sammitlərinin keçirilməsi üçün ilkin şərtdir və buna görə də insan hüquqlarına və vətəndaş cəmiyyətinə hörmət və dəstək olmalıdır. İndi real öhdəliklər götürməyin və onlara əməl etməyin vaxtıdır”, – Sikulu yazıb.
OC Media məsələ ilə bağlı şərh almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlasa da, cavab ala bilməyib.
Ötən il Dubay sammiti zamanı COP29-a növbəti ev sahibliyi edən ölkənin kimin olacağı ilə bağlı çıxılmaz vəziyyət yaranmışdı. BMT qaydalarına görə, qərar regionun bütün ölkələrində, bu halda Şərqi Avropada yekdil olmalıdır. Bu çıxılmaz vəziyyət 2023-cü ilin dekabrında Ermənistanın xoşməramlı jest olaraq öz ev sahibliyi ilə bağlı təklifini və Azərbaycana qarşı etirazlarını geri çəkdikdən sonra başa çatıb.
Sammit həm də Azərbaycanda müxaliflərə qarşı repressiyaların yenidən gücləndiyi bir vaxta təsadüf edir. Noyabrda Azərbaycan polisi “Abzas Media” müstəqil xəbər saytının ofisinə basqın edib və direktorunu saxlayıb. “Abzas Media” işi üzrə ümumilikdə 7 nəfər saxlanılıb, onlara qarşı valyuta qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülüb. Mart ayında isə polis “Toplum TV”nin ofisində reyd keçirib, jurnalistlərini həbs edib.
İyulda talış tədqiqatçısı İqbal Əbilov vətənə xəyanət ittihamı ilə Azərbaycanda həbs edilib. Avqustun sonunda azərbaycanlı tədqiqatçı, OC Media-nın müxbiri Bəhruz Səmədova qarşı da oxşar ittihamlar irəli sürülüb.
Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.