Ekspertiza rəyi saxta sənədlərdəki imzaların siyasətçiyə aid olmadığını, mobil operatorların verdiyi məlumatlar hadisə zamanı onun fərqli ünvanda olduğunu göstərsə də, istintaq bunları nəzərə almayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesləri davam edir.
Həm Müsavat Partiyasının, həm də demokratik qüvvələrin Milli Şuranın üzvü olan Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq (CM 178.3.2-ci maddə), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma (320.1-ci maddə), bilərəkdən saxta sənədlərdən istifadə etmə (320.2-ci maddə) cinayətlərində ittiham olunur.
Hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə prosesində Tofiq Yaqublu dəfələrlə bütün ittihamları rədd edib. Yaxınları və vəkilləri də siyasətçiyə qarşı ittihamların saxta olduğunu bildirirlər.
Onlar hesab edirlər ki, Tofiq Yaqublu hökuməti və əsasən də prezident İlham Əliyevi kəskin tənqid etdiyi üçün təqib olunur.
Məhkəmə ittihamlar üzrə müxalifətçini təqsirli bilsə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
“Abzas Media” Tofiq Yaqublunun mühakimə olunduğu məhkəmə prosesində üzə çıxan bir sıra ziddiyətli məqamları təqdim edir:
1) Yaqublu saxta sənəd hazırlamaqda və istifadə etməkdə ittiham olunur. Ancaq ekspertiza rəyində qeyd olunub ki, ilkin istintaq dövründə Tofiq Yaqublunun hazırladığı bildirilən sənədlərin üzərindəki imzalar onun imzası ilə eyni deyil.
2) Bu iş üzrə təqsirləndirilən Elnur Məmmədov məhkəmədə bildirib ki, o, Tofiq Yaqublu ilə sövdələşərkən əsasən "Facebook" və "WhatsAPP" vasitəsilə əlaqə saxlayıb. Ancaq hər iki platformadakı yazışmalarda cinayət işində göstərilən xüsusatlar olmayıb. Çat yazışmalarından görünür ki, Elnur Məmmədov ard-arda Tofiq Yaqubluya mesaj yazaraq onunla ünsiyyətə can atıb, Yaqublu isə qısa təşəkkürlə dialoqu davam etdirməyib.
3) Elnur Məmmədov məhkəməyə verdiyi ifadədə bildirib ki, 2023-cü il dekabrın 8-də saat 17.13-17.20 aralığında “Zabrat-1” qəsəbəsində Tofiq Yaqublu ilə görüşüb ona 25 min avro və 10 min manat pul verib. Vəkillərin sorğusu nəticəsində “Nar Mobile” və “Bakcell” mobil operatorlarının təqdim etdiyi məlumatlardan aydın olub ki, ötən il həmin tarix, həmin saat aralığında Tofiq Yaqublu “Zabrat-1” qəsəbəsində yox, Pirşağı qəbiristanlığında olub.
4) İş üzrə zərərçəkmiş kimi tanınan Elşən Hüseynovun mobil telefon nömrəsini “Getcontact” tətbiqində axtaranda məlum olub ki, o, əvvəlcədən polislə əlaqəli şəxs olub. Belə ki, onunla mobil əlaqədə olan şəxslər Hüseynovun adını öz telefonlarında “Elşən Xəzər polisində şahid”, “Elşən polisdə iş həll edən” adı altında qeyd ediblər.
5) Elşən Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirib ki, o, 2023-cü il dekabrın 8-də saat 16-da Elnur Məmmədovla “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Gold Gənclik” dükanının qarşısında görüşüb və Tofiq Yaqubluya çatacaq 25 min avro və 10 min manatı ona verib. Sonuncu da pulu dərhal aparıb Tofiq Yaqubluya verib. Ancaq Elnur Məmmədovun mobil nömrəsinin anten dairəsindən məlum olub ki, o, həmin saatlarda Mehdiabad, Pirşağı, Fatmayi ərazilərində olub.
6) Elşən Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onun övladları yoxdur, özü isə xaricdə olmayıb. Ancaq həyat yoldaşı Sədaqət Hüseynova ifadəsində qeyd edib ki, o, Elşən Hüseynovun ikinci həyat yoldaşıdır. Bundan əvvəlki nikahından 2 övladı var və hər ikisi də İsraildə yaşayır, özü də zaman-zaman bu ölkəyə gedib-gəlib.
7) Elşən Hüseynov məhkəmə ifadəsində bildirib ki, Tofiq Yaqublu onun xarici ölkəyə viza və orada vətəndaşlıq almasına kömək edəcəyini bildirib. Bu məqsədlə onun öz ölkəsində guya təqib olunduğunu göstərmək üçün prokurorluğa çağırılması ilə bağlı saxta sənəd düzəldib.
Cinayət işində qeyd olunur ki, Tofiq Yaqublu Elşən Hüseynovla heç vaxt görüşməyib, yalnız vasitəçi Elnur Məmmədov onlar arasında əlaqə qurub. Prokurorluğa çağırılması haqda sənədi hazırlamaq üçün də Elşən Hüseynovun şəxsiyyət vəsiqəsinin fotosunu Tofiq Yaqubluya məhz Elnur Məmmədov göndərib.
Məhkəmədə isə məlum olub ki, Elşən Hüseynovun şəxsiyyət vəsiqəsi yeni nəsil vəsiqə olduğundan üzərində onun qeydiyyat ünvanı göstərilməyib. Buna görə də, üzərində məlumatlar qeyd olunmayan sənədlə Yaqublunun “prokurorluğa çağırış” bildirişi hazırlaması sual doğurub.
8) Tofiq Yaqublunun məhkəmədə bildirdiyinə görə, istintaqda Elnur Məmmədovla üzləşdirmə zamanı onun başında parik olduğunu görüb. Yaqublu qeyd edib ki, Elnur Məmmədov polisin ştatlı “agenti” olduğundan tanınmamaq üçün parikdən istifadə edib, başında parik olduğunu deyəndə isə o, bunu inkar edib.
Müdafiə tərəfinin vəsatəti əsasında Elnur Məmmədovun telefon danışığı məlumatları əldə edildiyi zaman məlum olub ki, elə həmin ərəfələrdə o, bir “parik” dükanın satıcısı ilə telefon əlaqəsi saxlayıb.
Xatırladaq ki, bu, Tofiq Yaqublunun ilk həbsi deyil. O,1998-ci ildən etibarən dörd dəfə cinayət işi, eyni sayda inzibati iş olmaqla ümumilikdə səkkiz dəfə həbs olunub. 2020-ci ilin martında “xuliqanlıq” ittihamı ilə saxlanılan Yaqublu Nizami rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin uzunmüddətli aclıq aksiyasından sonra Yaqublu elə həmin ilin sentyabrında ev dustaqlığına buraxılıb.
İlk həbsindən etibarən yerli və beynəlxalq hüquq müdafiəçiləri Tofiq Yaqublunu “siyasi məhbus” kimi tanıyıb. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı onu vicdan məhbusu elan edib.