“Abzas Media işi” üzrə cinayət araşdırması da dekabrın 20-nə kimi uzadılıb, istintaqın ən azı 13 ay davam edəcəyi gözlənilir
Sentyabrın 6-da jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin istintaq dövrü üçün həbs müddəti uzadılıb.
Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən hər iki prosesdə müstəntiq Toğrul Hüseynovun və prokuror Mobil Şəfiyevin birgə təqdimatına baxılıb.
Təqdimatlara müvafiq olaraq Elnarə Qasımovanın həbs müddəti noyabrın 13-nə, Fərid Mehralızadənin həbs müddəti isə dekabrın 19-na qədər uzadılıb.
Eyni zamanda, “Abzas Media işi” üzrə istintaq müddətinin də dekabrın 20-nə kimi uzadılması istənilib. Hakim Sülhanə Hacıyeva bu təqdimatı da təmin edib.
Elnarə Qasımova məhkəmədəki çıxışında bildirib ki, həbs müddətlərinin uzadılmasının heç bir qanuni əsası yoxdur.
"Bizim həbsimizi COP29-a görə uzadırlar. Bu ittihamlar bizə yox, bizim araşdırmalarımızda adı korrupsiya cinayətlərində keçən şəxslərə verilməlidir".
Bundan əvvəl “Abzas Media işi” üzrə cəlb olunmuş digər şəxslərin – saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamovanın da həbs müddətləri dəfələrlə uzadılıb. Yerli və beynəlxalq təşkilatlar bu qərarı əssasız hesab edib və həbs edilənləri azadlığa buraxmağa çağırıb.
Hüquq müdafiəçilərinin fikrincə, “Abzas Media” müstəqil nəşri Azərbaycan hökumətinin rəhbər şəxsləri və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdiyi üçün hədəfə gəlib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb.
Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.
Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.