Leyla Nəcəfquliyeva ötən il məktəbdə ayaqyolu probleminə etiraz olaraq şagirdləri ilə birlikdə dərsləri boykot etdiyi üçün töhmətlə cəzalandırılmışdı
Məktəbdəki problemlərə etiraz etmək üçün ilk tədris günü şagirdlərə açıq havada dərs keçən İmişli rayonu Aranlı kənd tam orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva işdən çıxarılıb.
Bu barədə Leyla Nəcəfquliyeva ictimaiyyətə müraciətində özü məlumat verib. O deyib ki, əvvəl də işdən çıxarılacağı ilə hədələnib. Müəllimin sözlərinə görə, bütün bunlar onu susdurmaq üçündür.
"Təbrik edə bilərsiniz, bu gündən etibarən müəllim deyiləm. Mənim deputatlığa namizədliyimi verməyimə, məktəbdəki problemləri işıqlandırdığıma görə demişdilər ki, vaxtı gələndə Leylanın dilini kəsəcəyik. Ancaq kəsə bilməyəcəkəsiniz. Mən bu vaxta qədər heç bir qəbahətli iş görməmişəm. Nə eləmisinizsə, siz eləmisiniz. Bu gün də direktor yazdı ki, işdən çıxarılırsan", - Leyla Nəcəfquliyeva bildirib.
Mil-Muğan Regional Təhsil İdarəsi də məsələ ilə bağlı açıqlama yayıb. Məlumatda qeyd olunur ki, L.Nəcəfquliyeva məktəb rəhbərliyinin tapşırıqlarına məhəl qoymayıb, rəhbəri olduğu 3 “B” sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
"Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.
Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”, - təhsil idarəsinin açıqlamasında deyilir.
Leyla Nəcəfquliyeva bundan əvvəl 2023-cü ildə məktəbdəki problemlərə etirazı ilə diqqət çəkib. O, işlədiyi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəyib. Buna görə də töhmət alıb.
Leyla Nəcəfquliyeva 1 sentyabr 2024-cü il tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən deputatlığa namizəd olaraq qeydə alınıb. Müəllim bitərəf namizəd kimi öz təşəbbüsü ilə seçkilərdə iştirak edib və rəsmi nəticələrə görə qalib gəlməyib.