Sentyabrın 2-dən etibarən Türkmənistandan Abşeron yarımadasına daxil olan tozlu hava kütləsi Nərimanov və Yasamal rayonlarında, eləcə də Ağ şəhər ərazisində həssas qruplar üçün zərərverici həddə çatıb
Bakıda havanın çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi normadan 56 dəfə çoxdur. Sentyabrın 3-nə olan bu məlumatı İsveçin hava keyfiyyətini monitorinq edən “IQ Air” texnologiya şirkəti yayıb.
Skrinşot “IQ Air” texnologiya şirkətinin səhifəsindən götürülüb
Hazırda Bakıda 1 kub metr havada olan toz zərrəciklərinin (PM2.5) çəkisi 281 mikroqramdır. ÜST normasına görə, sutka ərzində bir neçə gün olmaq şərtilə 1 kub metr havada olan zərərli toz hissəciklərinin həcmi 5 mikroqramdan çox olmamalıdır.
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti bir neçə gündür müşahidə olunur. “IQ Air” şirkətinin yaydığı məlumata görə, günorta saatlarında Bakının Nərimanov, Yasamal rayonlarında, eləcə də Ağ şəhər ərazisində havanın çirklənməsi artıq həssas qruplar üçün təhlükəli həddə çatıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sentyabrın 2-si üçün tozun miqdarı normadan 1,5 dəfə, sentyabrın 3-də isə 4-4.5 dəfə yüksək olub. Qurumun rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, transsərhəd xarakterli tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.
PM2.5 konsentrasiyası - ölçüsü 2.5 mikrondan kiçik toz hissəcikləri insan saçının təxminən 3% ölçüsündədir.
Tədqiqatçıların dediyinə görə, bu hissəciklər ürək və qan-damar sistemində toplana, iltihaba səbəb ola bilər.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin rəhbəri, ekoloq Ənvər Əliyev “Abzas Media”ya bildirib ki, Azərbaycan ərazisinə 8 istiqamətdən hava kütlələri daxil olur. Onun sözlərinə görə, cənubda Ərəbistan yarımadasından, şərqdə isə Orta Asiyadan gələn hava kütlələri küləyin səhra qumlarını qaldırması nəticəsində ölkəyə toz dumanı şəklində daxil olur.
“Bakının bəzi yerləri dəniz səviyyəsindən aşağıdadır. Küləksiz havada dayanıb dururlar. Duran məqamı o deməkdir ki, o, kütləvi şəkildə çökür şəhərin canına. Xırdaca bir meh onu hərəkətə gətirir. Bax, bu, insanın ən çox zəhərləndiyi məqamdır”, – deyə Ənvər Əliyev vurğulayıb.
Ənvər Əliyev, ekoloq
Ekoloq Ənvər Əliyev əlavə edib ki, səhralardan gələn toz dalğasının tərkibində duz mənşəli maddələr olduğundan insan sağlamlığı, tənəffüs sistemi üçün xüsusilə zərərlidir:
“Yaxşı olar ki, evdən çıxmasınlar. Hamilələr, uşaqlar üçün xüsusilə zərərlidir. Tənəffüs sistemini zədələyir”.
Tanınmış həkim Adil Qeybulla isə hesab edir ki, aidiyyəti dövlət strukturları havadakı toz dumanının tərkibini araşdırılmalı və sakinləri nəticələrlə bağlı məlumatlandırmalıdır.
“Müvafiq strukturlar mütləq bunu yoxlamalı, onun radioaktiv fonunun olub-olmadığını müəyyən etməli, tozun tərkibindəki maddələrin kanserogen olub-olmadığını müəyyən etməlidirlər”, – deyə Adil Qeybulla vurğulayıb.
Adil Qeybulla, həkim
O əlavə edib ki, radioaktiv tərkibi olmayan tozlar insan sağlamlığı üçün ciddi təhlükə yaratmasa da, ciyərlərdə qıcıqlanmaya, bronxitə səbəb ola və həssas qruplarda allergiyanı gücləndirə bilər.
Qeyd edək ki, tozlu hava şəraiti zərərli həddə çatanda sakinlərə lazım olmadığı halda çölə çıxmamaq, pəncərələri bağlı saxlamaq, havaya çıxarkən maskadan istifadə etmək, evlərdə isə hava təmizləyici qurğulardan istifadə etmək tövsiyyə olunur