Neftçalada 45 qutudan çıxan səslərlə rəqibindən böyük fərqlə qabaqda olan Vəfa Nağı son 4 qutudan çıxan səslərlə Tənzilə Rüstəmxanlıya necə uduzdu?
Azərbaycanda növbədənkənar parlament seçkilərindən 2 gün keçir. Yekun rəsmi nəticələr açıqlanmasa da, ilkin nəticələrə görə iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) yenə parlamentdə mütləq çoxluğa sahib olacaq.
İlkin nəticələrə görə qalib olan "bitərəf" və "müxalif" namizədlər isə ictimaiyət arasında heç də bu cür qəbul olunmurlar.
Seçkilər başladığı andan etibarən gün ərzində yerli mediada total saxtakarlıqlarla bağlı yüzlərlə material dərc olunub. Müstəqil yerli və beynəlxalq müşahidəçilər, yerli müstəqil və ya müxalif siyasi qurumlar seçkilərin kütləvi saxtakarlıqlarla keçirildiyini bildiriblər.
"Ölkədə siyasi repressiya və qadağaların hökm sürdüyü, demokratik fəaliyyət azadlıqlarının boğulduğu, müstəqil medianın sıradan çıxarıldığı, seçki ilə bağlı minimum rəqabət şərtlərinin olmadığı, əsassız olaraq oktyabr ayının 1-nə qədər uzadılmış karantin şəraitində sərbəst toplaşmaq azadlığının və xalqla açıq, sərbəst ünsiyyət imkanlarının məhdudlaşdırıldığı, seçki komissiyalarının hakimiyyətin total nəzarətində olduğu, müstəqil seçki müşahidəsinin olmadığı şəraitdə təyin edilmiş bir seçkidə xalqın öz iradəsini ifadə etməsinə hər hansı imkan ola bilməzdi və olmadı da", - müxalif koalisiya olan Milli Şuranın növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatında belə deyilir.
Bəyanatda qeyd olunub ki, seçki prosesinin işıqlandırılması ilə bağlı peşəkar təcrübəsi olan “Abzas Media”, “Toplub TV”, “Kanal 13”ün jurnalistləri saxta ittihamlarla həbs edilərək seçki prosesindən təcrid ediliblər.
"Milli Şura olaraq 1 sentyabr saxta seçki nəticələri ilə bağlı beynəlxalq birliyi daha prinsipial və obyektiv olmağa səsləyir", - deyə bəyanatda qeyd olunub.
Seçkilərin nəticələrinin ləğvi tələb olunur...
Seçkilərdə iştirak edən Müsavat Partiyası da seçki nəticələrini şübhə altına alıb.
Partiyanın yaydığı bəyanatda qeyd olunub ki, seçkilər azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik mühitin olmadığı, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib.
"Müsavat Partiyası seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Azərbaycan Milli Məclisinə yeni seçkilərin keçirilməsini tələb edir", - bəyanatda qeyd olunub.
Neftçalada seçkilər...
Seçki ilə bağlı ən çox pozuntuların olduğu bildirilən dairələrdən biri 70 saylı Neftçala Seçki Dairəsidir. Bu dairədə əsas mübarizə ictimai fəal Vəfa Nağı ilə keçmiş millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı arasında keçib.
Vəfa Nağı qeyd edib ki, müşahidəçilərinin açılmasında və səslərin sayılmasında iştirak etdiyi 45 qutudan onun xeyrinə 3 mindən çox, rəqibi Tənzilə Rüstəmxanlının xeyrinə isə cəmi 1100 səs çıxıb:
“Bu səhər yerdə qalan 4 qutudan Tənzilə üçün 3093 səs çıxıb. MSK-nın yekun nəticələri: Tənzilə 5707, Vəfa Nağıyeva 3029”, – deyə o Facebook səhifəsində yazıb.
Həm seçki günü, həm də seçkidən sonra bu dairənin məntəqələrində Tənzilə Rüstəmxanlının xeyrinə kobud seçki saxtakarlıqları ilə bağlı silsilə video-foto faktlar dərc olunub.
“Meydan TV”nin Neftçala əhalisi arasında keçirdiyi jurnalist sorğusunda da neftçalalılar əsasən Vəfa Nağıya səs verdiklərini bildiriblər. Ancaq bütün bunlara baxmayaraq, hökumət bu dairənin nəticələrini ləğv etmək niyyətində deyil.
Yerli və beynəlxalq müşahidəçilərin rəyi...
"Növbədənkənar parlament seçkilərində ciddi pozuntular müşahidə edilib ki, bu da seçkilərin demokratik legitimliyinə ciddi zərbə vurub", - bu barədə bir qrup yerli ekspert və qısamüddətli müşahidəçi ilə seçkilərin monitorinqini aparan Seçki Müşahidə Alyansının bəyanatında deyilir.
"Seçici siyahısında adı olmayan şəxslərin səs verməsi, şəxsiyyət vəsiqəsi təqdim etmədən səsvermədə iştirak halları, qutulara topa bülleten atılması və eyni şəxsin bir neçə dəfə səs verməsi kimi ciddi qanun pozuntuları baş verib.
Müşahidəçilərə qarşı təzyiq və təqib halları, onların seçki məntəqələrindən çıxarılması, səslərin hesablanmasına buraxılmaması faktları baş verib.
Bütün bu faktlar göstərir ki, seçkilər demokratik standartlara uyğun keçirilməyib və seçki prosesinin müxtəlif mərhələlərində baş verən sistemli qanun pozuntuları seçkilərin nəticələrinin legitimliyini şübhə altına alır", - hesabatda qeyd olunub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə müşahidə missiyasının sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin rəyinidə qeyd olunub ki, 92 məntəqənin 40 faizində səslərin sayılması mənfi qiymətləndirilib.
Hesabatda qeyd olunub ki, seçkidə rəqabət və təbliğat imkanlarına şərait yaradılmayıb, seçki kütləvi siyasi həbslər fonunda bir çox pozuntularla keçirilib.
DTİHB-nin seçkilər üzrə müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib ki, bu seçkilərdə əsl siyasi plüralizm olmayıb və müstəqil müşahidəçilər məhdudiyyətlərlə üzləşiblər.
“Prosesin səmərəliliyinə baxmayaraq, bu şərtlər seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib. Biz bütün vətəndaşların rifahı naminə ümumi prosesi yaxşılaşdırmaq üçün uzun müddətdir davam edən tövsiyələrimizin həyata keçirilməsində hakimiyyət orqanlarına dəstək verməyə hazırıq”, – Ditmir Buşati vurğulayıb.
Azərbaycan hökuməti isə hələlik səslənən fikirlərə rəsmi cavab verməyib.
ATƏT-in rəyi etibarsızdır?
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə özünün "X" hesabında yazıb ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və milli qanunlara tam uyğun keçirilib.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.