Səfirlik öz vətəndaşlarına məcburi səbəblər olmadıqda, əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən Azərbaycana səfərlərin tövsiyə edilmədiyi haqda çağırış edib
"Fransa Azərbaycanda həmyerlimiz cənab Teo Klerkin qurbanı olduğu açıq-aşkar ayrıseçkilik xarakterli özbaşına rəftarı pisləyir".
Sentyabrın 12-də Fransanın Azərbaycandakı səfirliyi metroda qraffiti çəkdiyinə görə həbs edilən Fransa vətəndaşı Teo Klerklə bağlı hökmü pisləyən bəyanat yayıb.
Sentyabrın 10-da məhkəmə Bakıda metro qatarlarının üzərinə qraffiti çəkdiklərinə görə həbs edilən Yeni Zelandiya vətəndaşı İsmael De-Sen Kventin və Avstraliya vətəndaşı Han Paulun barəsində 6800 manat cərimə, Fransa vətəndaşı Teo Klerklə bağlı isə 3 illik həbs hökmü çıxarıb.
Səfirliyin yaydığı bəyanatda deyilir ki, Fransa vətəndaşı bu iş üzrə 3 il həbs cəzası alıb, amma eyni əməllərə görə onunla birgə təqsirləndirilən başqa millətdən olan iki nəfərə isə sadəcə cərimə cəzası verilib.
"Ötən ilin aprelində Fransanın Bakıdakı səfirliyi, Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, həmyerlimizin konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb. O, bütün məhkəmə iclaslarında iştirak edib.
Qeyd edək ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara, məcburi səbəblər istisna olmaqla, məhkəmə sistemi müstəqillik və ya müdafiə hüquqları baxımından heç bir təminat təqdim etməyən bu ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən Azərbaycana səfər etmək tövsiyə edilmir", - səfirliyin yaydığı bəyanatda qeyd olunub.
Klerk Teo Hüqo martın 28-də “Bakmil” metrostansiyasında qraffiti çəkdiyi üçün Yasamal rayon Məhkəməsi tərəfindən 4 600 manat cərimə edilmişdi. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.
Aprelin 2-də Yasamal rayon Məhkəməsi Klerk Teo Hüqo haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Onunla birgə saxlanılan Avstraliya vətəndaşı Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De-Sen Kventin də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunublar.
Lakin istintaq dövrü üçün onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.