Beynəlxalq hesabatda qeyd olunur ki, prezident İlham Əliyev ölkədə bütün vətəndaş cəmiyyətini təqibə məruz qoyur
Gələn ayın əvvəlində Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə olunacaq.
Məsələ 30 sentyabrdan 4 oktyabra qədər keçiriləcək sessiyaların gündəliyinə "Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi - təcili prosedur debatı" başlığı ilə salınıb.
“Turan” yazır ki, Avropa Şurasındakı mənbələrin məlumatına görə, bu gündəlik təsdiq edilsə, oktyabrın 3-də mövzu üzrə müzakirələr başlayacaq.
"Müzakirələrin yekunlarına görə Avropa Şurası Nazirlər Komitəsinin təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsinə görə Azərbaycana qarşı görüləcək tədbirlər haqqında tövsiyələri qəbul ediləcək. Sessiyada Vatslav Havel Mükafatı da təqdim ediləcək. Üç namizəddən biri həbsdə olan azərbaycanlı fəal Akif Qurbanovdur", - deyə xəbərdə qeyd olunub.
AŞPA 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyasından imtina edib. Qurum bu qərarını Qarabağ ermənilərinin hüquqlarının pozulması, ölkədə müxalif siyasətçilərin və müstəqil medianın təqibi və Avropa Şurası müşahidəçilərinin prezident seçkilərinə dəvət olunmaması ilə izah edib.
Qətnamənin lehinə 90, əleyhinə 76 deputat səs verib, 4 nəfər isə bitərəf qalıb.
Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlayıb ki, səsvermədə Azərbaycan əleyhinə səs verən 76 deputatın ölkəyə girişinə məhdudiyyət qoyulub.
Prezident İlham Əliyev isə bunu şərh edərkən bildirib ki, yalnız Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətləri qaytarılarsa, deputatlara qarşı qadağalar götürüləcək.
AŞPA-da Azərbaycan hökuməti əleyhinə qərar layihəsinin müəllifi Frank Şvabe isə bunu "Şantaj" adlandırıb.