1 ilə yaxındır həbsdə olan jurnalistlər və iqtisadçı COP29 dönəmini də həbsdə keçirəcəklər
Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media işi" üzrə tutulanların - saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, əməkdaşı Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı və iqtisadçı ekspert Fərid Mehralızadənin həbs müddətlərinin növbəti dəfə uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Nahid Abbaslı təqsirləndirilən şəxslərin həbs müddətinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarlarının dəyişdirilməməsini istəyib.
Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi prosesdə Ülvi Həsənlinin, Elmar Rəhimovun sədrlik etdiyi prosesdə Sevinc Vaqifqızının (Abbasova), Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə Elnarə Qasımovanın, Qədim Babayevin sədrlik etdiyi prosesdə iqtisadçı Fərid Mehralızadənin, Fərid Eyyubovun sədrlik etidiyi prosesdə isə Hafiz Babalının şikayəti təmin edilməyib. Onların hər biri yenə də həbsdə saxlanılıb.
Ötən həftə "Abzas Media işi" üzrə bütün tutulanların həbs müddəti uzadılmışdı.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bəyanat yayaraq bu qərarları pisləyib və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırıb.
Hüquq müdafiəçilərinin fikrincə, “Abzas Media” müstəqil nəşri Azərbaycan hökumətinin rəhbər şəxsləri və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdiyi üçün hədəfə gəlib.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb.
Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.
Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.