"Əgər məcburi qidalandırmaya dair qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacam"
Həbsdə olan alim Fazil Qasımov 90 gündür, həbsinə etiraz olaraq aclıq edir. O, səhhəti pisləşdikdən sonra Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Yaxınları deyirlər ki, o, aclığı dayandırmır və vəziyyəti olduqca ağırdır. Məhkəmələrinə və görüşlərinə əlil arabasında gətirilir, bəzən isə ümumiyyətlə gələ bilmir.
Hüquq müdafiəçisi Rüfət Səfərov da yazır ki, Fazil Qasımov hər an həyatını itirə bilər: "Hazırda Fazil Qasımovun çəkisi 35 kq-dır", - deyə Səfərov "Facebook" hesabında həyəcan təbili çalır.
Fazil Qasımov isə aclığı dayandırmaq niyyətində deyil. O, ictimaiyətə və rəsmi qurumlara göndərdiyi xəbərdarlıq məktublarında deyir ki, qərarı ciddidir.
"Əgər məcburi qidalandırmaya dair qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacam, ölümümü tezləşdirəcəm. Mən ciddiyəm. Ümid edirəm ki, bunu rəsmi dairələr nəzərə alar...", - deyə müraciətdə qeyd olunur.
Qasımov professor Qubad İbadoğlu ilə cinayət əlaqəsində ittiham olunur. O, bildirir ki, istintaqda fiziki və psixoloji işgəncələrlə onun və özünün əleyhinə ifadə verməyə məcbur olub. Ancaq məhkəmədə ifadəsindən imtina edib.
1 ilə yaxın həbsdə qaldıqdan sonra beynəlxalq təzyiqlərin fonunda azadlığa buraxılaraq polisin nəzarətinə verilən Qubad İbadoğlu da Fazil Qasımova müraciət edib və aclığı dayandırmasını istəyib.
"Əzizim Fazil, sənin halın məni çox məyus və pərişan edir. Sənə görə narahatlığım günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətirilənlərə görə səndən və məndən üzr istənilənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram. Fazil, bilirsən ki, sənin xətrin mənim üçün çox əzizdir, səni əvvəlkitək çox istəyirəm. Odur ki, sağlamlığın mənim və cəmiyyətimiz üçün çox önəmlidir. Fazil, səndən artıq dərəcədə xahiş edirəm, elə bu gün, bu saat, bu dəqiqə, məktubu oxuyan kimi aclığı dayandır. Mən əminəm ki, biz tezliklə haqq etdiyimiz azadlıqda görüşəcəyik", - deyə məktubda qeyd olunub.
Rəsmi qurumlar isə məsələni şərh etmirlər.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Vəkillər bildiriblər ki, Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Fazil Qasımov məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub.
O ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, - deyə Qasımov əlavə edib.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.