"Müstəqil KİV-lərlə əlaqəsi olan ən az 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır"
Sentyabrın 11-də 30 beynəlxalq hüquq müdafiə təşkilatı birgə bəyanat yayaraq COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarına diqqəti artırmağa çağırıblar.
Bəyanatda qeyd olunur ki, Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyətini və tənqidi səsləri uzun zamandır ki, boğur.
"Belə bir vəziyyətdə COP29 kimi tədbirin keçirilməsi ekoloji fəallar, hüquq müdafiəçiləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinin konfransdan əvvəl, konfrans zamanı və sonra sərbəst və təhlükəsiz fəaliyyət göstərmək imkanları ilə bağlı ciddi narahatlıq doğurur", – deyə qeyd olunur.
Birgə bəyanatda Qubad İbadoğlu və Anar Məmmədli işi üzrə narahatlıq ifadə olunub.
Bildirilib ki, hüquq müdafiə qruplarının qiymətləndirmələrinə görə, yüzlərlə insan siyasi motivli ittihamlarla həbsdədir. Həbs dalğası davam edir, onlarla fəal və KİV nümayəndəsi əsassız cinayət ittihamları ilə həbs olunub, deyə bəyanatda bildirilir.
"Abzas Media, Toplum TV və Kanal 13 - Azərbaycanda son müstəqil KİV-lərlə əlaqəsi olan ən az 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır.
Avqustun 21-də hakimiyyət Praqada Karlov Universitetinin aspirantı və çoxsaylı beynəlxalq və regional nəşrlərin daimi müəllifi Bəhruz Səmədovu dövlətə xəyanət ittihamı ilə həbs edib.
İyulun 22-də daha bir araşdırmaçı - İqbal Əbilov uydurma dövlətə xəyanət ittihamı ilə həbs edilib".
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurkun BMT-nin İnsan Hüquqları Şurasına müraciətində Azərbaycanı xüsusilə qeyd etməsinə diqqət çəkən hüquq müdafiəçiləri deyirlər ki, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Katibliyinin və üzv dövlətlərin üzərinə vətəndaş cəmiyyətinin COP29-da iştirakı üçün təhlükəsiz mühiti təmin etmək üçün konkret addımlar atmaq öhdəliyi qoyur.
"Biz BMT-ni və üzv dövlətləri Azərbaycan hökumətinə, o cümlədən qanunsuz saxlanılmış fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etməklə, insan hüquqları sahəsində öhdəliklərinə riayət etməsi üçün təzyiq göstərməyə çağırırıq. Qeyd olunur ki, onlar həmçinin Azərbaycan hakimiyyətini QHT və KİV-lərin fəaliyyətini tənzimləyən qanunlara düzəlişlər də daxil olmaqla, konkret struktur islahatları aparmağa çağırmalıdırlar.
Biz Azərbaycan hakimiyyətini:
1. Siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə;
2. Hökumət tənqidçilərinin və vətəndaş cəmiyyəti üzvlərinin sıxışdırılması vasitəsi kimi cinayət təqibindən istifadəyə son qoymağa;
3. Qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməklə və onları beynəlxalq standartlara və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdırmaqla, vətəndaş cəmiyyəti üçün əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırırıq.
“BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, həmçinin Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər. Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları və ölkədə, eləcə də regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər”, - deyə bəyanatda qeyd edilir.
Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:
Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People İn Need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və s.