Bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da çoxsaylı ağır maddələr irəli sürüləcəyi gözlənilir
Avqustun 16-da “Abzas Media işi” üzrə cəlb olunmuş jurnalist Nərgiz Absalamovaya qarşı yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb.
Bu barədə məlumatı jurnalistin vəkili Şəhla Hümbətova yayıb.
“Nərgiz Absalamovaya qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, - deyə vəkil qeyd edib.
Abzas Media-nın əldə etdiyi məlumata görə, bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da yeni ittihamlar irəli sürüləcək.
Nərgiz Absalamova ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsində dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.
Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media”nın rəhbərliyi də daxil olmaqla ümumilikdə 6 əməkdaşı ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”da yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.
Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.