Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinlərinin etiraz aksiyalarından təxminən bir il sonra qızıl mədəninin kənddə fəaliyyətinə yenidən icazə verilib
Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining”in törəmə şirkəti “Azerbaijan International Mining Company Limited” (“AIMC”) Gədəbəydə tullantı anbarının genişləndirilməsi üçün Azərbaycan hökumətindən icazə alıb.
“APA-Economics”in yazdığına görə, bu barədə şirkətin baş icraçı direktoru Rza Vəziri deyib. O bildirib ki, avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı bəndinin divarını qaldırmaq üçün icazə alınıb:
“Tikintinin bütün sağlamlıq və təhlükəsizlik tələblərinə cavab verəcəyi də təsdiqlənib. Tullantı bəndinin divarının artırılması işlərinə tezliklə başlanılacaq”.
Rza Vəziri onu da əlavə edib ki, təxminən bir həftə ərzində yenidən tam hasilata başlamağı planlaşdırırlar.
“Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.
Ötən il iyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company Limited” kənddə zərərli kimyəvi tullantıların atılacağı ikinci göl yaratmaq istəyir. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
İyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üçün Komissiya yaradılıb.
İyulun 14-də yenə Baş nazirin qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və “Anglo Asian Mining”in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.
Sentyabrın 26-da Böyük Britaniyanın “Micon” International Co Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat açıqlayıb.
Hesabata əsasən, Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda sianid aşkarlanıb.
Bildirilib ki, şirkət Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsini ölçüb.
“Monitorinq zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.
Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər”, – Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.
Məlumatda o da bildirilib ki, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.
Torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah edib. Bununla belə, “Micon” və Azərbaycanın rəsmi dövlət qurumları analizlərin nəticələrini göstərən sənədləri ictimai yaymaqdan imtina edib.
“Micon” şirkəti ərazidə çalışan “Azerbaijan International Mining Company Limited”in (AIMC) 2016-cı ildə hazırlanmış sianidin idarəedilməsi planı ilə işlədiyini və bunun yenilənməsinə ehtiyac olduğunu bildirib.
Söyüdlüdəki aksiyalardan bir ildən çox vaxt keçməsinə baxmayaraq, kəndə giriş-çıxış hələ də polis nəzarəti altındadır.