Son həbs dalğasında tutulanlardan başqa 300-dən çox vətəndaş cəmiyyəti nümayəndəsinin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir
2023-cü ilin noyabrında "Abzas Media" əməkdaşlarına qarşı başladılan cinayət işindən sonra ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təqiblər genişlənib.
Bu ilin martında "Toplum TV" əməkdaşları, III Respublika Platformasının yaradıcıları və çoxsaylı digər ictimai fəallar əsasən "qaçaqmalçılıq" ittihamı ilə həbs edildi. Ancaq təqiblər təkcə həbslərlə yekunlaşmayıb.
Bu cinayət işləri üzrə şahid kimi cəlb olunmuş jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin böyük hissəsinin ölkədən çıxışı məhdudlaşdırılıb. Polisin və DTX-nin apardığı əməliyyatlarda vətəndaşların ölkədən çıxışını məhdudlaşdırmaq sadə prosesdur kimi, məhkəmə qərarı olmadan həyata keçirilir.
Bəs bu, nə dərəcədə hüquqa uyğundur?
Hüquqşünas Səməd Rəhimli deyir ki, ölkədən çıxmaq məhdudiyyəti ancaq təqsirləndirilən və şübhəli şəxsə qoyula bilər.
Onun sözlərinə görə, şübhəli şəxs də 48 saat şübhəli ola bildiyi üçün bu praktika əsasən təqsirləndirilən şəxslərə aiddir.
"Miqrasiya Məcəlləsində qeyd olunur ki, bu məhdudiyyət ancaq şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilən şəxslər barəsində həbs qətimkan tədbiri və ya ev dustaqlığı qərarı verilmirsə, ölkədən çıxışlarına məhdudiyyət qoyula bilər. İş üzrə şahid kimi cəlb olunmuş şəxsin ölkədən çıxışına məhdudiyyət qoyula bilməz. Bu birmənalıdır və qanunsuzdur".
Hüquqşünas deyir ki, bununla bağlı Avropa Məhkəməsi dəfələrlə Azərbaycan əleyhinə qərar da çıxarıb və bunun hüquq pozuntusu olduğunu təsbit edib.
"Bunun heç bir hüquqi izahı yoxdur və çox təssüf ki, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ), Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu qanunsuz praktikadan əl çəkmirlər.
Bu, Avropa İnsan Haqqları Konvensiyasının 4 saylı protokulunun 2-ci maddəsində nəzərdə tutulan sərbəst hərəkət azadlığı hüququnun, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulan sərbəst hərəkət hüququnun pozuntusudur", - deyı Səməd Rəhimli bildirib.
“Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, bu, Azərbaycanda repressiv tədbirlərin öz apogeyinə çatmasından, qüvvədə olan cinayət və cinayət-prosessual qanunvericliyinin tələblərinin kobud şəkildə pozulmasından, hüquqi nihilizmdən xəbər verir.
Onun fikrincə, hakimiyyət qarşısına məqsəd qoyub ki, sivil sektoru tamamilə sıradan çıxarıb, vətəndaş cəmiyyəti təmsilçilərini tam şəkildə cəza evlərində təcrid etsin.
"Vətəndaş cəmiyyətinin, azad medianın parlaq nümayəndələri uydurma və gülünc ittihamlar üzrə həbs ediliblər. Azadlıqda olan ictimai fəalların, fəaliyyət və peşəsini hökumətin informasiya siyasətinə uyğunlaşdırmayan jurnalistlərin hərəkət azadlığı məhdudlaşdırılıb, ictimai-siyasi, iqtisadi, hüquqi müstəvidə fəaliyyət göstərən 300-dən çox şəxsin ölkədən çıxışına kütləvi şəkildə məhdudiyyət qoyulub. Şəksiz ki, burada hüquqi prosesdən söhbət gedə bilməz. Bu, siyasi prosesdir. Prezident Administrasiyasından güc strukturlarına ötürülən qanuna zidd direktivlər əsasında baş verir".
Nə Dövlət Təhlükəsizlik Xidmətinin, nə də Daxili İşlər Nazirliyinin istintaq orqanları bu məhdudiyyətləri əsaslandırmırlar.