Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin apardığı 6 illik istintaq nəticəsində məlum olub ki, bankirin ailəsinə məxsus mülklər irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması yolu ilə əldə olunub
Həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (MCMA) onun adına olan mülklərin müsadirəsi ilə bağlı apardığı araşdırmadan sonra əmlaklarının müsadirə edilməsinə razılıq verib.
Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin yaydığı məlumatda qeyd edilib ki, söhbət Zamirə Hacıyevanın Naytsbricdəki dəyəri təqribən 30,5 mln manat (14 milyon funt-sterlinq) olan evi və Askotdakı qolf klubundan gedir. Agentlik hesab edir ki, mülklər bilavasitə irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edilib.
MCMA 2018-ci ildə Böyük Britaniyadakı iki mülklə bağlı izah olunmayan sərvət orderləri (UWO), habelə onların satılmasını, başqasına verilməsini və ya israfının qarşısını almaq üçün müvəqqəti dondurma orderləri çıxarıb.
Hacıyev 2015-ci ilin martına qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri olub. O, 2016-cı ildə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq da daxil olmaqla, müxtəlif cinayətlərə görə məhkum edilib. 2019-cu ildə o, ABB-nin Moskva törəmə bankını mənimsəməkdə təqsirli bilinib. Cahangir Hacıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Agentliyin məlumatında qeyd edilib ki, təhqiqatçılar bundan sonra ABB-dən əldə edilən vəsaitlərin ümumi çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə çoxsaylı hesablar vasitəsilə köçürülməsinə dair saysız nümunələr müəyyənləşdiriliblər. Məlumatda qeyd edilir ki, bunu Hacıyevin adından çıxış edən yaxını edib.
Böyük məbləğdə vəsaitlər Britaniyadakı Vircin Adaları, Sent Kitts və Nevis, Panama, Kipr və Lüksemburq da daxil olmaqla müxtəlif yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə köçürülüb və ailə üçün lüks aktivlərə yönəldilib.
MCMA hər iki mülkün alınması üçün istifadə olunan vəsaitin mənbəyi ilə bağlı heç bir əsaslı izahat ala bilməyib. Vəsaitin əhəmiyyətli bir hissəsi bilavasitə ABB-nin pullarının oğurlanmasını gizlətmək üçün istifadə edilən veksellər və kredit müqavilələri ilə yaranan məbləğlərdə müşahidə edilib.
Qolf klubunun satın alınması Lüksemburqda və Gernsidə qeydiyyatdan keçmiş şirkətlərin kompleks strukturu vasitəsilə və Gerns, daha sonra isə Kiprdəki ofşor şirkətlərdən istifadə etməklə həyata keçirilib.
“Knightsbridge”dəki evin alınması üçün istifadə edilən vəsaitlərin demək olar ki, hamısının iki xüsusi ABB hesabından gəldiyi güman edilir.
Onlar Cahangir Hacıyevlə heç bir əlaqəsi olmayan şirkətlərin adına Kipr, Estoniya və İsveçrədə açılmış bank hesabları vasitəsilə Hacıyevin şəriki tərəfindən Böyük Britaniyaya yönləndirilib.
Mülk Britaniya Vircin Adalarında yaradılmış ofşor şirkətə təhvil verilməzdən əvvəl evin alınması üçün yalnız eyni şərikə məxsus olan Britaniya Vircin Adaları şirkəti istifadə edilib.
2021-ci ilin martında Agentlik iki mülk barəsində əmlakın dondurulması qərarı üçün məhkəməyə müraciət edib. 2023-cü ilin iyununda MCMA Ali Məhkəmədə mülki cəza iddiası qaldırıb.
Cümə axşamı, avqustun 1-də hər iki əmlakın dəyərinin 70%-nin müsadirə edilməsi ilə nəticələnən mülki girov qərarı verilib.
Məhkəmə bu əmlakın cinayət fəaliyyəti nəticəsində alınması qənaətinə gəlsə də, xanım Hacıyevanın onlar üçün ödənişin necə edilməsindən xəbərdar olmasına dair hansısa nəticə əldə olunmayib.
MCMA-nın əmlakın müsadirəsi üzrə rəsmisi Tim Kuorrel deyib ki, agentlik əməkdaşları bu vəsaitin mənbəyini müəyyənləşdirmək üçün onun beynəlxalq bank sistemi ilə mürəkkəb trayektoriyasını - çoxsaylı yurisdiksiyalarda saxta şirkətlər vasitəsilə hərəkətini yorulmadan izləyiblər.
“Nəticə biz Xanım Hacıyevaya mənşəyi naməlum əmlakın müsadirəsi ilə bağlı ilk orderi təqdim etməyimizdən təxminən altı il yarım sonra əldə edilib və bu, ölkəyə qanunsuz pul axını ilə mübarizə aparmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etmək öhdəliyimizi vurğulayır”.
Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. O, ittihamları qəbul etməyib və həmin vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərlə kreditlərin ödənildiyini deyib