Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatı Frank Şvabe rəsmi Bakının Azərbaycan nümayəndə heyəti əleyhinə səs verən qurum üzvlərinin ölkəyə girişinə qadağa qoymasını tənqid edib.
Bu barədə öz X hesabında yazan AŞPA-dakı Almaniya nümayəndə heyətinin sədri Şvabe deyib ki, demokratik ölkələrə giriş qadağaları yalnız terrorçulara və qatı cinayətkarlara şamil edilir.
“Hesab edirəm ki, mənim Azərbaycana girişimə qoyulan qadağa daha çox qüsursuz diktaturanın əlamətidir”, - AŞPA-nın deputatı əlavə edib.
Avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir sıra deputatının Azərbaycana girişinə qadağa qoyduğunu elan edib.
Bu barədə qurumun nümayəndəsi Ayxan Hacızadə AŞPA üzvü Frank Şvabenin “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə müsahibəsini şərh edərkən deyib.
Bildirilib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin assambleyanın işində iştirakının əleyhinə səs verən deputatların adları “qara siyahı”ya salınıb.
Şvabe müsahibəsində bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olmaq istəyirsə, demokratiyaya, qanunun aliliyinə və insan haqlarına hörmət etməlidir. Bundan əlavə, o bildirib ki, “Almaniya noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransı öncəsi bəzi tədbirlər planlaşdırır”.
Hacızadə Frank Şvabeni tənqid edib:
“Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəlincə, qeyd edirik ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əleyhinə səs verənlər “arzuolunmaz şəxslər” siyahısına daxil ediliblər. Sözügedən şəxslər nümayəndə heyətimizin AŞPA-dakı iştirakı bərpa edilmədən gəlməyə cəhd edərlərsə, onların ölkəyə girişinə icazə verilməyəcək”, - deyə “AzərTac” onun sözlərindən sitat gətirib.
AŞPA 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib. DW yazır ki, bu qərar insan haqlarının pozulması, müxalif siyasətçilərin və müstəqil medianın təqibi, hökumətin Qarabağdakı hərəkətləri və Avropa Şurası müşahidəçilərinin prezident seçkilərinə dəvət edilməməsi səbəbindən qəbul edilib. Qətnamənin lehinə 90 deputat, əleyhinə 76 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.
Prosedura görə, Bakı ən azı bir il AŞPA-nın işində iştirak edə bilməz. Eyni zamanda, sənəddə qeyd olunur ki, reqlamentin şərtlərinə əməl olunarsa, Azərbaycanın işi bərpa edilə bilər. Söhbət ilk növbədə AŞPA-nın monitorinq missiyalarının və müşahidəçilərinin qəbulu ilə bağlı öhdəliklərin yerinə yetirilməsindən gedir.
Ötən həftə məlum olub ki, Azərbaycan BRICS-ə qoşulmaq üçün q uruma rəsmi müraciətedib. Bu, Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfərinin ertəsi günü baş verib.