Jurnalistlər 7 maddəlik yeni ittiham aktını imzalamaqdan imtina ediblər
Avqustun 19-da “Abzas Media” nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalist Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalıya qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb.
“Abzas Media”ya bu barədə onların vəkilləri məlumat verib.
Bildirilib ki, “Abzas Media işi” üzrə saxlanılan hər dörd şəxsə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb.
Ülvi Həsənli, Sevinc Vaqifqızı və Elnarə Qasımovanın ittiham aktını imzalamaqdan imtina etdiyi qeyd edilib.
Bundan əvvəl bu iş üzrə həbs edilən “Abzas Media” nəşrinin direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, “Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərin istintaqı tamamlanır. Yaxın vaxtlarda cinayət işinin materialları tanış olmaq üçün təqsirləndirilən jurnalistlərə və onların vəkillərinə veriləcəyi, ardınca da iş materiallarının baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”da yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.
Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.