Ekspertlər hesab edirlər ki, mikro sahibkarlarla bağlı vergi güzəştinin dəyişdirilməsi daha çox gəliri 3000-5000 manat olan sahibkarlara mənfi təsir edib
Bakının Elmlər Akademiyası Metrostansiyasının yanında bərbər işləyən Emin Əliyev uzun müddətdir ki bu peşə ilə məşğuldur. Onun biznesi də bu ilin yanvarında xırda sahibkarların vergi ödənişinə dair dəyişikliklərin edildiyi qanunun təsir dairəsinə düşür.
Emin Əliyevin dediyinə görə, vergi güzəştlərinə dəyişiklikdən sonra onunla eyni bərbərxanada müstəqil şəkildə çalışan bir neçə bərbər işlədiyi məkandan uzaqlaşıb, nəzarətin daha az olduğu yerlərdə işləməyə başlayıb.
“Əvvəl ödədiyimiz verginin 4 dəfə artırılması bizim çiynimizə böyük yük oldu. Bu bərbərxanada nə qazanmaq olur ki, onun da 20 faizini dövlətə verək?! Hələ bu qanuni verdiyimiz puldur, ayda az qala 50 yerə pul veririk. Kommunalı, sosialı demirəm hələ.
Mənim 3-4 işçim var, həm də tələbələrimdir. Onlar burada tələbə kimi işləyəndə də pul verirəm, amma 75 faizlik güzəştin mənə düşməsi üçün gərək onlarla müqaviləm olsun. Mənim ümumi gəlirim nə qədərdir ki, onlarla müqavilə də bağlayım? Hamı sakitcə çörəyini qazanan bir vaxtda niyə belə etdilər, bilmədik”.
2024-cü ilin yanvarınadək Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 faizi gəlir vergisindən azad olunurdu.
Qanuna dəyişikliklərdən sonra bu vergi güzəştini qazanmaq istəyən mikro sahibkarların orta aylıq muzdlu işçi sayı ən azı 3 nəfər təşkil etməli və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamlıdır.
5 faizdən 20 faizə qaldırılan gəlir vergisi
Əvvəlki tələblərə görə, hazırda 20 faiz gəlir vergisi verməli olan mikro sahibkar 5 faiz vergi ödəməli idi. İndiki şərtlər daxilində isə 3 işçisi olmayan mikro sahibkar 20 faiz gəlir vergisi ödəməli olacaq. Qanunda nəzərdə tutulan dövlət sosial sığorta haqlarını da nəzərə alsaq, xırda sahibkarın vergi də daxil olmaqla ödədiyi məbləğ gəlirinin 30 faizinə çatır.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ötən ilin noyabrında parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında yeni qanunu əsaslandırarkən bildirmişdi ki, güzəştlərlə bağlı sui-istifadə halları olub, ona görə də bu islahatlara ehtiyac yaranıb.
Daha bir arqument isə onunla bağlı idi ki, yeni qaydalar kölgə iqtisadiyyatının aradan qalxmasına, əmək münasibətlərinin rəsmiləşdirilməsinə və dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına səbəb olacaq.
Sahibkarlıq subyektlərinin meyarları ilə yeni dəyişiklik arasındakı ziddiyyət
Qanuna dəyişikliklər tək sahibkarların yox, ekspertlərin də tənqidi ilə qarşılaşmışdı. Arqumentlərdən biri isə sahibkarlıq subyektlərinin meyarları ilə yeni dəyişiklik arasında yaranan ziddiyyətlə bağlı idi. Belə ki, Nazirlər Kabinetinin 2018-ci ildə qəbul etdiyi 556 saylı qərarda mikrosahibkarlıq subyektlərində işçilərin orta sayı 1-10 arası qeyd olunurdu.
Əsas tənqidlərdən biri də onunla bağlı idi ki, 1 işçisi olan sahibkarlıq subyekti də mikro sahibkar hesab olunsa da, Dövlət Vergi Xidməti istisnasız olaraq 3 muzdlu işçisi olan sahibkarlıq subyektlərinə vergi güzəşti edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2022-ci ildə 366 min 944 mikro sahibkarlıq subyekti olub ki, bunun 31 min 638-ni hüquqi şəxslər, 225 min 306-nı isə fərdi sahibkarlar təşkil edib. Dövlət Vergi Xidməti mikrosahibkarların ödədiyi vergilərin həcmi, yeni qanunun bu verginin həcminə təsirləri ilə bağlı detallı açıqlama vermir.
Ekspertlərin fikrincə, gəlir vergisinə 75 faizlik güzəştin aradan qaldırılması daha çox aylıq gəliri 3000-5000 manatı ötməyən mikro sahibkarlara zərər vurub. Belə ki, hazırda qüvvədə olan qanunun tələblərinə cavab verə bilməyən, əvvəllər 150 manat vergi ödəyən sahibkar artıq 600 manat vergi ödəməlidir.
Bundan başqa, xırda sahibkarlarla müqayisədə iri sahibkarlar dövlətin resurslarından istifadə edə bilir. Məsələn, satınalmalarda iştirak etmək yolu ilə böyük həcmdə gəlir əldə edir. Vergi güzəşti isə mikrosahibkarlara verilən yeganə imtiyaz idi.
“Mikro sahibkarlar belə dəyişikliklərə daha həssasdırlar”
İqtisadçı ekspert Elçin Rəşid deyir ki, gəlirdən tutulan vergilərin arıtırılması bir çox mikro sahibkarı öz sahəsindən uzaqlaşdırıb. Bu sahədə təhlillərə əsaslanan iqtisadçı xırda sahibkarların məlum dəyişikliklərə daha həssas olduğunu vurğulayıb.
“Verginin artması işsizliyin də artmasına səbəb olur. Eyni zamanda, istehsalı azaldır. Mikro sahibkarlar isə belə dəyişikliklərə daha həssasdırlar. Çünki onlar vergi dərəcəsindən daha çox asılıdırlar. Biz bilirik ki, dövlətin iqtisadi hədəfləri olur. İqtisadi artım, işsizlik, inflyasiyanın yüksək olmaması və sairə. Yeni tələblər bunlardan ən azı ikisinə təsir edir. Yəni, bu qaydalar tək xırda sahibkarlara yox, ümumi iqtisadiyyata da mənfi təsir göstərir”, – deyə Elçin Rəşid bildirib.
Ekspertə görə, bu dəyişikliklər tək əl əməyi ilə məşğul olanların yox, bilik iqtisadiyyatını təşkil edən repititorlar, universitet müəllimləri, təlimçilər və məsləhət xidməti göstərənlərin də vergi yükünü artırır.
2024-ci ilin ilk altı ayına dair iqtisadi göstəricilər açıqlanmadığından, yeni qaydaların xırda sahibkarlığa və ümumi iqtisadiyyata təsirlərilə bağlı rəsmi rəqəmləri təqdim etmək mümkün olmayıb.