Kütləvi zəhərlənmə ilə bağlı məlumatlar 1 gün sonra yayılıb, rəsmi qurumlar hadisənin "SOCAR Polymer" şirkətində baş verdiyini gizlədirlər
İyulun 10-da "SOCAR Polymer" şirkətinin Sumqayıtda yerləşən zavodunda kütləvi zəhərlənmə olub.
“Abzas Media”ya bu barədə SOCAR-dakı mənbələri məlumat verib. Bildirilib ki, 53 nəfər əməkdaş yeməkxanada qida qəbul etdikdən qısa müddət sonra zəhərlənib.
Rəsmi məlumatlarda isə hadisənin "SOCAR Polymer" şirkətində baş verdiyi yazılmır. Baş Prokurorluq zavodun adını qeyd etmədən yaydığı məlumatda bildirib ki, faktla bağlı cinayət işi qaldırılıb:
"İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi müəyyən edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır" - məlumatda qeyd olunub.
Qida Təhlükəsizlik Agentliyi (AQTA) isə məlumat yayaraq bildirib ki, zəhərlənmə olan zavoddakı yeməkxanadan qida nümunələri götürülüb və araşdırma aparılır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Sumqayıtda zavodda kütləvi zəhərlənmə faktı ilə bağlı açıqlama verib.
"Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına 10.07.2024-cü il tarixində saat 17:10 radələrindən başlayaraq 53 nəfər (48-i kişi cinsli, 5-i qadın cinsli olmaqla) müraciət edib.
Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb" - məlumatda qeyd olunub.
Hələlik SOCAR heç bir rəsmi açıqlama verməyib.
“SOCAR Polymer” şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir.