Ötən il Azərbaycanda kişilərlə qadınlar arasında maaş fərqi 31 faiz olub

Ötən il Azərbaycanda kişilərlə qadınlar arasında maaş fərqi 31 faiz olub Foto: Oxu az
27 İyul 2024
Mətni dəyiş

Qadınların ən çox üz tutduğu sahə təhsildir, ancaq orda da yüksək vəzifələrdə, əsasən, kişilər təmsil olunur

“Nənəmin qəflətən dünyasını dəyişməsi mənim də kəndimizdəki qadınlarla yaxından tanış olmağıma səbəb oldu. Qadınlar arasında işsizlik və ümumiyyətlə, onların hansı işlərdə işləməsi də kişilərdən asılıdır. Əgər kişi fermerdirsə, qadın ikinci dərəcəli işçi olur, həm də ev işlərini görür. Hər iki mənada kişidən iqtisadi cəhətdən asılı olur”, –  ictimai fəal Vəfa Nağı deyir. 

Vəfa Neftçalanın Xolqaraqaşlı kəndində təhsildən uzaqlaşdırılan və erkən yaşda ailə qurmağa məcbur edilən qadınlar üçün sosial layihə həyata keçirib: “Kənddə eşidəndə ki, mən tikiş sexi açıram, bizim evə çoxlu sayda qadın gəlməyə başladı. Hamısı işləmək istəyirdi”.

Vəfa Nağı, ictimai fəal

Vəfanın layihəsinə koronavirus pandemiyası və vergilərin çoxluğu qısa müddətdən sonra son qoysa da, bu, qadınların iqtisadi baxımdan kişilərdən asılılığını azaltmağın ən müxtəlif yollarından biri idi.

İş və əməkhaqqı mütəmadi müzakirə olunan mövzular sırasına daxildir. Rəsmi açıqlamalara görə, Azərbaycanda isşislik səviyyəsi 5,5 faiz təşkil edir. Amma “Fakt Yoxla” layihəsinin hələ 2019-cu ildə apardığı müstəqil hesablamalara görə, işsizlərin sayı rəsmi statistikada göstəriləndən 4 dəfə çox olub. 

Gender boşluğunun qapadılmasına gəlincə, 1999-cu ildən qadınların istehsalat, vəzifə və yeraltı işləri əhatə edən 674 peşə üzrə çalışması qadağan olunub. 2023-cü ildən etibarən qadağanın tətbiq edildiyi peşə sahələrinin sayı 204-ə endirilib. Bu qadağalar hazırda hamilə və bir yaşına qədər olan qadınları əhatə edir.

2006-cı ildə qəbul olunan, məqsədi kişilərlə qadınlar arasında sosial bərabərsizliyin aradan qaldırılması olan “Gender haqqında” Qanun üzərindən on səkkiz il keçsə də, hər iki qrup arasında sosial bərabərsizliyin payı hələ də çox olaraq qalır. 

Gender bərabərliyinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova parlamentin iclasında verdiyi açıqlamaya görə, 2023-cü ildə qadınların orta aylıq əmək haqqı 739,3 manat, kişilərin orta aylıq əmək haqqı 1066,9 manat təşkil edib. Beləliklə,  ötən il hər iki gender qrupu arasında maaş fərqi 31 faiz təşkil edib.  

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı hesabata istinadən yazıb ki, ölkədə ümumi işçi qüvvəsinin 48,3 faizini qadınlar təşkil etsə də, onlar daha aşağı vəzifələrdə təmsil olunurlar. Qadınların yalnız 35 faizi rəhbər vəzifə tutur.

2022-ci ilin rəsmi məlumatlarına görə, gender maaş boşluğu daha cox peşə, elmi və texniki fəaliyyət sahəsində (51%), maliyyə və sığorta fəaliyyəti (42%) sahələrində qeydə alınıb. Ən az fərq isə ticarət və kənd təsərrüfatı sahələrində müşahidə edilib.

 

 İqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqqı (manat)

İqtisadi fəaliyyət növü

kişi

fərq (%)

qadın

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

536,5

17%

444,4

Mədənçıxarma sənayesi

3339,4

24%

2533,9

Emal sənayesi

851

38%

524,7

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

924,1

26%

684,2

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

718,8

28%

516

Tikinti

1029

29%

727,7

Ticarət, nəqliyyat vasitələrinin təmiri

599,2

16%

500,9

Nəqliyyat və anbar təsərrüfatı

1182,8

30%

831

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

706,7

20%

564,8

İnformasiya və rabitə

1425,4

19%

1149

Maliyyə və sığorta fəaliyyəti

2434,4

42%

1413,6

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

865,7

29%

616,5

Peşə, elmi və texniki fəaliyyət

1819,5

51%

899,3

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

522,9

22%

405,8

Dövlət idarəetməsi və müdafiə, sosial təminat

1261,7

15%

1077

Təhsil

711,3

15%

601,4

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

901,6

29%

640,6

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

741,4

26%

549,3

Digər sahələrdə xidmətlərin göstərilməsi

1077

38%

665,9

Mənbə: Dövlət Statistika Komitəsi, 2022-ci il

Muzdla çalışan qadınlar daha çox təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və ticarət sahələrində sayca üstünlük təşkil edib. Feminist fəal Nisə Hacıyeva deyir ki, qadınların ən çox üz tutduğu sahə təhsildir, amma burda da rəhbər vəzifələrdə daha çox kişilərə yer verilib:

Nisə Hacıyeva, feminist fəal

“Bunun müxtəlif səbəbləri var. Birincisi, qadınların özünün seçimi yox, onu vəzifəyə təyin edənlərin seçimi - burada maaş, status, təcrübə və sair kimi məsələlər nəzərə alınır. Ümumiyyətlə, cəmiyyətdə bütün sahələrdə belə bir stereotip formalaşıb ki, yüksək maaşı kişi qazanmalıdır və yüksək vəzifələrə kişilər təyin olunur. Qadının işlədiyi sahə təhsil olsa da, onun işinə qeyri-ciddi yanaşılır”, – deyə Nisə Hacıyeva vurğulayıb.

 

İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınların sayı

İqtisadi fəaliyyət növləri

say

(%)

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

14 554

2,1 %

Mədənçıxarma sənayesi

4 123

0,6 %

Emal sənayesi

34 199

5 %

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

2 995

0,4 %

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

11 725

1,7 %

Tikinti

9 336

1,4 %

Ticarət, nəqliyyat vasitələrinin təmiri

89 416

13 %

Nəqliyyat və anbar təsərrüfatı

12 124

1,7 %

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

10 648

1,5 %

İnformasiya və rabitə

9 591

1,4 %

Maliyyə və sığorta fəaliyyəti

12 790

1,8 %

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

5 248

0,8%

Peşə, elmi və texniki fəaliyyət

26 525

3,8 %

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

26 291

3,8 %

Dövlət idarəetməsi və müdafiə, sosial təminat

29 573

4,3%

Təhsil

244 602

35 %

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

109 686

16 %

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

33 004

4,8 %

Digər sahələrdə xidmətlərin göstərilməsi

6 208

0,9%

Mənbə: Dövlət Statistika Komitəsi, 2022-ci il

Sadalanan məsələlər Dünya Bankının 2020-ci il Azərbaycanda qadınların məşğulluğu ilə bağlı hüquqi maneələrin aradan qaldırılması hesabatında da əksini tapıb. Hesabatda deyilir ki, qadın və kişilərin məşğulluq dərəcələrinin bir-birinə yaxın olduğu Azərbaycan əmək bazarında nisbətən kiçik gender boşluqları müşahidə olunur – 66.8 faiz kişilərə nisbətdə qadınların 59.4 faizi işlə təmin olunub. Lakin qadın və kişlərin iş yerləri və peşələri arasında çox ciddi fərqlilik var – qadınlar aşağı maaşlı sahələrdə, məsələn, səhiyyə və təhsil sektorlarında cəmləşir, kişilər isə əmək ödənişi yüksək olan sektorlarda dominantlıq edir. 

“Təhsil ən az gəlir gətirən sahədir və Azərbaycanda müəllimlərin maaşı bəllidir. Bu da belə bir stereotipdən dolayı yaranıb ki, bu sahədə daha çox qadın işləsə yaxşıdır, onların çox maaşa ehtiyacı yoxdur”, – deyə Nisə Hacıyeva fikrini tamamlayıb.

Digər sahələrdə vəziyyət necədir? 

2023-cü il yanvarın 1-nə olan dövlət statistikasına əsasən, nəqliyyat və saxlama-anbarlaşdırma sektorlarında məşğul olanların cəmi 16.5 faizi qadındırsa, kişilərin bu sektorlarda payı 83.5 faiz təşkil edir. Analoji olaraq, tikinti sektorunda işləyənlərin 7.5 faizi qadınlar, 92.5 faizi kişlərdir, elektrik enerjisi, qaz və buxar enerjisinin istehsalı, paylanması və təchizatı sektorlarında məşğul olanların cəmi 10.7 faizi qadınlar, 89.3 faizi isə kişilərdir. 

İxtisasca sosioloq olan, 2009-2021-ci illərdə müxtəlif universitetlərdə dərs demiş Sənubər Heydərova bildirir ki, indiyə qədər qadınların yuxarı vəzifəyə çəkilmələri ilə bağlı eşitdiyi “gənc yaşda uşaqlara baxıb o vaxtı itirir, sonra da öz peşəsinin sadə qolu ilə məşğul ola bilir, artıq rəhbər vəzifə alası yaşa çatanda lazımi təcrübəsi olmur” fikri olub.

Sənubər Heydərova, sosioloq

Heydərova universitetdə çalışdığı illərdə kafedra müdirləri və əksər dekanların kişilərdən ibarət olduğunu bildirir:

“Qadınlar əsasən laborant, köməkçi, müəllim olur. Müəllimlərin əksəriyyəti qadınlar, vəzifədə olanların əksəriyyəti kişilərdi. Təbii ki, onların maaşı daha çox idi. Məsələn, bizim universitetdə dekan kişi idi, onun iki müavini vardı və onlar da kişi idi”.

Digər kafedralarda da müdirlərin kişi olduğunu bildirən Heydərova, indiyə qədər rəhbər şəxslərdən yalnız bir prorektorun qadın olduğunu gördüyünü söyləyir:

“Adətən sosial məsələlərdə qadın işçilər olur, icra hakimiyyətlərində də belədir. Onlar sosial məsələləri ciddi qəbul etmirlər, “bu, qadın işidir” deyirlər. Məsələn, maliyyə məsələsi üzrə qadın işçi görməmişəm. Sanki daha az məsuliyyətli vəzifələrdə işi qadına verirlər. Bunu da onunla əsaslandırırlar ki, qadınlar işdən çox yayına bilər, ailəsinin, uşaqlarının qayğısı, bəzilərinin doğuş üçün icazə alması və s. halları bəhanə gətirirlər”. 

Qadınlarla kişilərin orta aylıq əmək haqları arasındakı  fərq və iqtisadi fəaliyyət sahəsi üzrə bölgüsü hər iki qrupun təhsil səviyyəsi haqda da suallar yaradır. 2022-ci ilə olan rəsmi məlumatlara görə, peşə və ailə təhsil almış kişi işçilərın sayı qadın işçilərin sayı ilə müqayisədə üstünlülük təşkil edib. 

 

 İşçi qüvvəsinin təhsil səviyyəsinə görə bölgüsü

Təhsil səviyyəsi

Qadınlar (%)

Kişilər (%)

Təhsili yoxdur

0,03%

0,05%

İbtidai təhsil

  3,1%

0,3%

Ümumi orta təhsil

  7,5%

5,6%

Tam orta təhsil

  58,6%

59,3 %

Peşə təhsil

4%

7,5%

Orta ixtisas təhsil

14,2 %

8,6%

Ali təhsil

14,4%

18,6%  

 Mənbə: Dövlət Statistika Komitəsi, 2022-ci il

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, qadınların prosesə cəlbi həm də yoxsulluğun azaldılması baxımından vacib rol oynayır: 

“Ayrı-ayrı ölkələrdə qadınlara münasibətdə müxtəlif proqramlar olur. Onların sosial-iqtisadi, siyasi proseslərə cəlbini stimullaşdırmaq üçün müxtəlif təşəbbüslər gerçəkləşdirilir”.

Samir Əliyev, iqtisadçı ekspert

Azərbaycanda evdar qadınlarla bağlı peşə-ixtisas yönündə müxtəlif layhələrin, əsasən, beynəlxalq təşkilatlar tərəfindən həyata keçirildiyini vurğulayan iqtisadçı hesab edir ki, dövlətin özünün bu istiqamətlərə yönələn proqramları olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun