Jurnalistlər isti havalarda təcridxanada saxlanma şəraitinin ağır olduğunu deyirlər
İyulun 3-də "Abzas Media işi" üzrə həbs olunan Ülvi Həsənli, Sevinc Vaqifqızı (Abbasova) və Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Abzas Media-ya bu barədə jurnalistlərin müdafiəçiləri məlumat veriblər.
Bildirilib ki, Xətai rayon Məhkəməsində keçirilən hər 3 prosesə hakim Sülhanə Hacıyeva sədrlik edib. Hacıyeva bu iş üzrə eyni zamanda həbs qətimkan tədbirlərinin seçilməsilə bağlı qərarlar çıxaran hakimdir.
Hər üç jurnalist vəsatətləri müdafiə ediblər. Ülvi Həsənli qeyd edib ki, o istintaqa dəvət olunduğu hallarda gedib iştirak edəcək, həbsdə qalması üçün heç bir əsas yoxdur.
Onlar isti havalarda təcridxanada saxlanma şəraitinin ağır olmasından şikayət ediblər.
Proseslərdə həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş 3 vəsatətdən heç biri təmin edilməyib. Jurnalistlər 7 aydan sonra yenidən həbsdə saxlanılıblar.
Maydan etibarən “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlərin həbs müddətləri növbəti dəfə uzadılıb. Sonuncu dəfə Hafiz Babalının həbs müddəti 1 ay, Elnarə Qasımovanın 2 ay, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Ülvi Həsənli və Məhəmməd Kekalovun həbs müddəti isə 3 ay uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.