Siyasi şərhçi: “Dünya demokratiya və diktatura olmaqla iki düşərgəyə bölünüb, açıq görünür ki, Azərbaycan da diktatura düşərgəsində yer almaqla bağlı qərarını verib”
İyulun 11-də VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı deyib ki, Azərbaycan qurumun tamhüquqlu üzvü olmaq istəyir.
2006-cı ildə Rusiya, Hindistan, Çin və Brazilya tərəfindən yaradılan təşkilata daha sonrakı illərdə Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın qoşulması ilə üzvlərinin sayı doqquza çatıb. BRICS üzvü olan ölkələr beynəlxalq rəydə həm də “avtoritarlar klubu” kimi xarakterizə olunur.
Beynəlxalq insan haqları təşkilatları bəşəriyyətə qarşı cinayətlər və ağır insan haqları pozuntularına yol verdiklərinə görə, Rusiya və Çinin BMT-nin insan haqları şurasında səsinin dondurulmasına çağırış ediblər.
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyir ki, BRICS Qərbə qarşı bir alternativ kimi yaradılıb. Dünyanın demokratiya və diktatura olmaqla iki düşərgəyə bölündüyünü qeyd edən ekspertin sözlərinə görə, Azərbaycan ikincilərin yanında yer almaq qərarı verib.
“Azərbaycan artıq öz tərəfini seçib. Ona görə də Rusiya və Çinlə strateji müttəfiqliyə dair sənəd imzalandı, İranla birgə hərbi təlim keçirildi. Ölkə rəhbərliyi istənilən yerə üzv olacaq ki, öz avtoritar hakimiyyətini dəstəkləsinlər. Bu, Türk Dövlətləri Təşkilatına da aiddir“, – deyə Azər Qasımlı vurğulayıb.
Qeyd edək ki, müstəqillikdən sonrakı illərdə bir çox təşkilatlara üzv olan ölkə indi həm də “avtoritarlar klubu” kimi dəyərləndirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür və bir sıra bu xarakterli beynəlxalq qurumda namizəd, müşahidəçi statusundadır.
Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılması ilə paralel müstəqilliyini qazanan Azərbaycan elə 1993-cü ildən həm də Rusiya, Ukrayna və Belarusun birgə yaratdığı Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvüdür.
Şərhçi-jurnalist Rauf Mirqədirov deyir ki, bu təşkilatın özünün taleyi ciddi sual altındadır, çünki üzv ölkələrin maraqları tamamilə fərqlidir.
“Şərqdə populyar iki idarəçilik modeli var - biri Çin modeli, biri Səudiyyə Ərəbistanı modeli. Səudiyyə Ərəbistanında hakimiyyətin Allahdan verilməsi məsələsi var. Çin modeli üçün isə çox ciddi ideologiya lazımdır, bu da Çində var, kommunist ideologiyası. Azərbaycanda isə ümumiyyətlə nə tarixi kökləri olan, nə də müsair ideologiya yoxdur”.
Mirqədirovun fikrincə, Azərbaycanın Avropaya inteqrasiyasının Heydər Əliyevin adı ilə bağlı olduğunu təkrarlayan hökumət nümayəndələrinin indi fərqli isqtiqamətdə verdiyi açıqlamaları ciddiyə almağa dəyməz.
“Dövlət rəsmilərinin ölkənin gələcək siyasi oriyentasiyası ilə bağlı indiki bəyənatlarını o qədər də ciddiyə almağı məsləhət görməzdim. Azərbaycan bu quruma üzv ola bilər, amma ölkənin xarici siyasətdəki oriyentasiyası Rusiya- Ukrayna müharibəsinin nəticələrindən asılı olacaq. Üstəlik BRICS-in özünün də heç bir ideologiyası yoxdur və institutlaşmayıb. Bura üzv ölkələrin maraqları fərqlidir və bəziləri hətta münaqişəli vəziyyətdədir. Ona görə də, elə bu təşkilatın özü də qeyri-stabildir”, – deyə o əlavə edib.
Siyasətçi Elman Fəttah deyir ki, uzun müddətdir ölkənin xarici siyasət kursu Qərbdən uzaqlaşaraq avtoritar koalisiyalara qoşulmaq istiqamətində gedən Azərbaycan hökumətinin BRICS-ə qoşulmaq niyyəti təəccüblə qarşılanmamalıdır.
O əlavə edib ki, İlham Əliyev nəinki BRICS üzvlüyünə can atır, hətta Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şərqi Avropa və Balkanlarda avtoritar birliyin qurulmasında da fəal iştirak edir.
Bununla belə, Elman Fəttah vurğulayıb ki, siyasi ritorika fərqli üslubda olsa da, Azərbaycan iqtisadi baxımdan Qərb ölkələrindən ciddi şəkildə asılı vəziyyətdə qalır.
“Əliyev düşünür ki, onun əksəriyyəti Avropa Birliyi üzvü olan müxtəlif Qərb ölklərilə ayrı-ayrılıqda ticarət sazişləri olduğu üçün Qərbdə Azərbaycanla bağlı yekdil bir sanksiya qərarı olmayacaq. İnanır ki, Qərblə əlaqələrin siyasi baxımdan bu qədər korlanmasına baxmayaraq, iqtisadi əlaqələri qoruya biləcək.
Digər tərəfdən düşünür ki, Qərbin enerji ehtiyacları Azərbaycandan Orta Asiyaya qədər uzanan ehtiyaclardır. Ona görə də inanır ki, formalaşan bu avtoritar klublar Azərbaycanı Orta Asiyanın enerji resurslarının Qərbə daşınmasında tranzit ölkəyə çevirəcək. Buna görə də nəinki sanksiyalar olmayacaq, əksinə, ticarət əlaqələri genişlənəcək”.
Elman Fəttahın fikrincə, bir çox məsələlər Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq aydınlaşacaq. Müharibənin qalibi Qərb olsa, Azərbaycan bu cür avtoritar klublara üzv olduğuna görə çox ciddi çətinliklərlə qarşılaşacaq.