Hüquq müdafiəçisi: “Bıçaqlama, qəsdən sağlamlığa xəsarət yetirmə “növbətçi ittiham” kimi siyasi yüklü cinayət işlərində istifadə edilir”
İyulun 24-də keçmiş diplomat Emin İbrahimova qarşı 3 ağır ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə məlumatı vəkil Aqil Layıc yayıb. Vəkil bildirib ki, Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
“Emin bildirdi ki, evə gedərkən “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında üstünə tanımadığı adam hücum çəkib və paltarlarını cırıb. Bir neçə saniyə sonra isə mülki geyimli polis əməkdaşları Eminin özünü saxlayıb, 24-cü polis şöbəsinə aparıblar. Bildirdi ki, əvvəldən izlənib və bu həbs tənqidi mövqeyinə görədir. İttihamlar əsassızdır”, O, aclıq aksiyasına başlayıb", - deyə vəkil əlavə edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev isə bildirib ki, bıçaqlanma hadisəsi həqiqətən olub və bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.
Ancaq tənqidçi ictimai-siyasi fəallara qarşı “bıçaqlama” ittihamı son illər daha geniş yayılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlizamin Salayev, Almaniyadan Azərbaycana deportasiya edildikdən sonra həbs edilən Samir Aşurov və İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da bu ittihamla həbs olunublar.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, hazırda qəsdən sağlamlığa xəsarət yetirmə “növbətçi ittiham” kimi siyasi yüklü cinayət işlərində istifadə edilir.
Onun sözlərinə görə, siyasi təlimat daxil olduqda qurama əməliyyat-istintaq tədbirləri təşkil edilir, bununla da ortaya absurd tablo və ittihamlar çıxır.
“Bu, repressiv aparatın heç bir hədd tanımamasından, hüquqi nihilizmin öz apogeyinə çatmasından xəbər verir. Hökumət təmsilçiləri bununla demək istəyirlər ki, bizə qarşı siyasət aparanı günün birində terrorçu da elan edə bilərik.
Emin İbrahimov yüksək diplomatik karyerasından imtina edib, həbs yolunu seçən şəxsdir. Bundan əvvəl də bir dəfə uydurma əsaslarla inzibati qaydada 30 sutka həbs edilib, təhdid və təzyiqlərə məruz qalıb. Nəticə olmadıqda keçmiş diplomatı hər nə qədər cəfəng səslənsə də, xuliqanlıqda, qəsdən sağlamlığa xətər yetriməkdə ittiham etdilər.
Bu, tam aydındır: cənab İbrahimov hökumətin daxili və xarici siyasətini yüksək tribunalardan davamlı və sistemli tənqid etdiyinə, xüsusilə də YAP hakimiyyətini Putinin oyuncaq rejimi adlandırdığına görə cəmiyyətdən bu şəkildə təcrid edildi.
Bunu sifariş verən Prezident Administrasiyası, təşkil edən Daxili İşlər Nazirliyi, icra edənsə polisin əlində alət olan Kamal Şükürov adlı birisidir. Heç şəksiz, Emin bəy bəri başdan vicdan məhbusudur və o, ifadə azadlığı kontekstində həbs edilib.
Hazırda o, həbsinə ertiraz olaraq aclıq aksiyası keçirir. İşin daha çətin tərəfi budur ki, keçmiş diplomatı şərləmələri azmış kimi ona işgəncə verib, bədəninə elektrik cərəyanı ötürüblər.
Bəli, hazırda Bakıda 30-cu illərin Moskvasının siyasi və hüquqi iqlimi hökm sürür. Stalinizm metodları önə çəkilib. Təəssüf ki, bizim güc srukturlarında Yaqoda-Yejov-Beriya üçlüyünün iş üslubu hakimdir”, - deyə Rüfət Səfərov əlavə edib.