Heç bir xəbərdarlıq edilmədən bütün internet resursları ölkə daxilində bloklanan nəşrin ümumilikdə 6 əməkdaşı həbsdədir
“Abzas Media” müstəqil onlayn nəşrinin saytına və bütün sosial media səhifələrinə giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətin rəisi Samir Rəsulov “Abzas Media işi” üzrə cəlb olunmuş müdafiəçilərin sorğusuna cavab olaraq bildirib.
Samir Rəsulov qeyd edib ki, Cinayət-Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.
““Abzas Media” onlayn media portalının internet informasiya ehtiyatlarına (Abzas.net, abzas.org internet saytları və həmin onlayn media portalının bütün sosial şəbəkə hesabları) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29.11.2023-ci il tarixli qərarına əsasən məhdudlaşdırılıb”, - deyə xidmət rəisi bildirib.
“Abzas Media” prezident və ailəsi də daxil olmaqla, yüksək vəzifəli şəxslərin korrupsiya əməllərinə dair araşdırmalar dərc etməsi ilə tanınan media orqanıdır.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.