Vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları aparan jurnalistləri məhkəmə yenə həbsdə saxlayıb
İyulun 11-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və əməkdaşı Hafiz Babalının şikayətlərinə baxılıb.
Bu barədə onların vəkilləri məlumat verib. Bildirilib ki, müdafiə tərəfi Ülvi Həsənlinin ev dustaqlığına buraxılmaması, Hafiz Babalının isə həbs müddətinin uzadılması haqda ilkin instansiya məhkəmələrinin qərarlarından apellyasiya şikayətləri verilib.
Hakimlər İbrahim İbrahimli və Emin Əliyevin ayrı-ayrılıqda apardıqları proseslərdə iki şikayətdən heç biri təmin olunmayıb. Ümumiyyətlə bu iş üzrə müdafiə tərəfinin verdiyi bütün şikayət və vəsatətlər rədd edilib.
Bu ilin mart ayından etibarən “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlərin həbs müddətləri ard-arda bir neçə dəfə uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.