Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını yenə də həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını yenə də həbsdə saxlayıb Foto: Amerikanın Səsi
10 İyul 2024
Mətni dəyiş

Sevinc Vaqifqızı: “Korrupsionerlər bizi etmədiyimiz cinayətlərdə ittiham edirlər”

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) şikayətinə baxılıb.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Sadıqov bildirib ki, apellyasiya şikayəti jurnalistin ev dustaqlığına buraxılmaması qərarı ilə bağlı olub.

Belə ki, iyulun 3-də Sevinc Vaqifqızının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin müraciətini Xətai rayon Məhkəməsi rədd edib.

Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.

Sevinc Vaqifqızı məhkəmədəki çıxışında bir daha qeyd edib ki, onun və həmkarlarının həbsi yüksək vəzifəli məmurların və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair “Abzas Media”da dərc olunan araşdırmalarla bağlıdır:

“Korrupsionerlər bizi etmədiyimiz cinayətlərdə ittiham edirlər”, - deyə o bildirib.

Bu ilin mart ayından etibarən “Abzas Media işi” üzrə həbs edilmiş jurnalistlərin həbs müddətləri ard-arda bir neçə dəfə uzadılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.

 

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun